Azərbaycanda yaşlı əhalinin sayı artır - RƏQƏMLƏR
Azərbaycanın yaşlı əhalisinin sayında və xüsusi çəkisində artım 2023-cü ildə də davam edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, yaşı 65 və daha yüksək olan insanların ümumi əhali sayında payı 2021-ci ildə 8 faiz, 2022-ci ildə 8,5 faiz olduğu halda, 2023-cü ildə 9,1 faizə yüksəlib. Yaşlı əhalinin xüsusi çəkisinin artmasının səbəbi yaşlı insanların sayının sürətlə artmasıdır.
Yaşlıların sayı 2021-ci ildə 803,3 min nəfər idi. Onların sayı 2022-ci ildə 859,4 min nəfərə, 2023-cü ildə isə 930,3 min nəfərə çatıb. Müqayisədən görünür ki, yaşlı əhalinin sayı ümumi əhali sayındakı artımdan daha böyük olub.
Son 2 ildə ümumi əhali sayı 118 min nəfər və ya 1,17 faiz artdığı halda, yaşlı insanların sayı 127 min nəfər, yaxud 15,8 faiz artıb.
Yaşlı insanların sayı son 2 ildə sürətlə artsa da bəzi yaş qruplarında say bu müddətdə azalıb. Yaş qrupları üzrə əhali sayında azalma 0-4 yaşda olan insanlarda 28,4 min nəfər, 5-9 yaşda olanlarda 68 min nəfər, 20-24 yaşda olanlarda 7,1 min nəfər, 25-29 yaşda olan insanlarda 80,3 min nəfər, 30-34 yaşda olanlarda 28,2 min nəfər, 50-54 yaşda olanlarda 25,8 min nəfər, 55-59 yaşda olanlarda isə 6,2 min nəfər olub.
Qeyd edək ki, yaşlı əhalinin sayının artması daha çox insana pensiya və müavinət ödənilməsini tələb edir. Bu vəziyyət dövlətin maliyyə yükünü artırdığından pensiya yaşlarında da artıma gedilir.
Əgər ölkəmizdə yaşlı əhalinin xüsusi çəkisində artım qarşıdakı illərdə də sürətlə davam edərsə, ölkəmizdə bir neçə ildən sonra pensiya yaşının yenidən artırılması gündəmə gələ bilər.//Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay