Startap
04.05.2024 / 18:10
"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"
47501
Budəfəki müsahibimiz Azərbaycandan Londona "innovator” vizası ilə gedən ilk azərbaycanlı xanım Fidan Cavadovadır. O, yaşıl enerji ilə bağlı "BeWorks Automation” adlı startapın qurucusudur və hazırda elektromobillər üçün şarj qurğuları infrastrukturu üzərində çalışır.
Valyuta.az Azərtac-a istinadən Fidan Cavadova ilə olan startap ilə bağlı reportajını təqdim edir.
- Startapınız haqqında məlumat verəbilərsinizmi?
- "BeWorks Automation” yaşıl enerji startapıdır və əsasən üç əsas istiqaməti əhatə edir. Birinci istiqamət elektrik mühərrikli avtomobillərin şarj infrastrukturunun qurulmasıdır. İkinci biznes istiqaməti isə günəş enerjisi layihələridir. Buna bütün layihələrin sıfırdan planlanması və həmçinin günəş panellərinin və layihələrə gərəkli olan digər aksessuarların seçilməsi, onun dizaynı, təchizatı və quraşdırılması daxildir. Üçüncüsü də, "BeWorks Automation” adından da göründüyü kimi avtomatlaşdırmadır. Burada da bir çox "IoT” və rəqəmsal transformasiya üçün lazım olan həll yollarını təqdim edirik.
- Nəyə görə yaşıl enerji sahəsində startap qurmağa qərar verdiniz?
- Mənim ailəm mühəndislərdir. Bu sahəyə maraq mənə ailədən gəlir. Atamın bərpaolunan enerji sahəsinə çox böyük marağı olub. Ona görə gənc yaşlarımızdan həmişə mənə və qardaşıma bu fikirləri aşılayırdı ki, bərpaolunan enerji, günəş enerjisi bizim gələcəyimizdir. Bizə başa salırdı ki, tükənən enerji resursları bir yerə qədərdir. Bunu təkcə fikir olaraq bildirmirdi, həm də bizə praktikada göstərirdi. Hələ 15 il öncə atam günəş panelləri alıb evimizdə kiçik bir sistem qurmuşdu və qardaşımla mən bu infrastrukturun necə işlədiyini praktikada görmüşdük. Hər il yaşımız artdıqca mühəndislik cəhətdən o sistemin necə işlədiyini başa düşürdük. Hətta günəş panelləri enerji sərfiyyatını optimallaşdırdığına görə elektrik xərclərimiz də az gəlirdi. Qonşularımız bizdən soruşurdu ki, necə olur sizin xərcləriniz az gəlir. Biz də onlara başa salırdıq ki, evimizdə günəş panelləri işlədirik. Belə həm öyrədici, həm gülməli hallar yaşanırdı. Bu startapı qurmaq ərəfəsində də atam mənim ən böyük mentorum olub. Həm strategiya, həm yeni məhsullar barəsində onun fikirlərini öyrənmişəm və düşünürəm ki, bu biznes ideyasını düzgün seçmişəm.
- "İnnovator” vizasını almaq çətin oldumu?
- Mən vizaya müraciət edəndə "innovator” vizası yeni elan olunmuşdu. Bundan əvvəlki adı "Entrepreneur” vizası adlanırdı və onun şərtləri bir az fərqliydi. "İnnovator” vizasının şərtləri ilə tanış olandan sonra gördüm ki, mənə uyğundur və bəxtimi sınamaq istədim. Biznes istiqamələrini yazdım. Yeni viza növü olduğu üçün mən müraciət edəndə onun haqqında çox da məlumat yox idi. İngiltərədə hüquqşunaslara müraciət edəndə onlar deyirdilər ki, bu haqda məlumatımız yoxdur, bu yeni istiqamətdir. Mən yenə də vizaya müraciət etmək qərarına gəldim və uğurlu da oldu.
- Siz dediniz ki, elektrik mühərrikli maşınların şarj infrastrukturu üzərində işləyirsiniz. Bəs sizin gördüyünüz işlər rəqiblərinizin şarj infrastrukturundan nə ilə fərqlənir? Müştəri nəyə görə başqasını yox, sizi seçməlidir?
- Britaniyada yaşıl enerji ilə bağlı çoxlu startaplar var, proyektlər həyata keçirilir. Bu biznesdə, bu ölkədə önəmli cəhətlərin olmalıdır ki, sən onlardan bir addım qabaqda olasan, çünki rəqabət çoxdur. Müştəri səninlə danışanda bilmək isteyir ki, hansı cəhətin fərqlidir ki, o sırf bu şarj alətini başqasından deyil, səndən alsın. Bizim şarj alətinin ən əsas fərqlərindən biri odur ki, biz əlçatan bir texnologiya yaratmışıq. Bilirsiniz ki, elektrik mühərrikli maşınlarda kabel texnologiyası, naqillər ağır olur. Bu da yaşlı və fiziki çətinlikləri olan sürücülər üçün problemlər yarada bilir. Sırf o cəhətdən də onlar elektromobil fikrindən soyuya bilirlər. Bizim texnologiyamıza əsasən onlar avtomobillərini şarj edən zaman, sessiya başlayanda kabel onların yanına avtomatik gəlir, onlar sadəcə kabeli götürüb arabalarına qoşurlar. Biz öncə bu prototip üzərində çalışmağa başladıq. Konsept məndə uzun zamandır var idi. Hər bir startapın yaralı yeri olan investiya məsələsini həll etməyə çalışırdıq. Artıq investiya və dövlətdən qrantlar aldıqdan sonra aktiv şəkildə bu protopin istehsalına davam etdik. Hazırda bu prototipin 80 fazini tamamlamışıq. Son addımlar akkreditasiya mərhələsidir ki, onu bitirdikdən sonra satışa çıxara biləcəyik. Həmçinin bizim şarj infrastrukturumuz ona görə fərqlənir ki, biz həm daha rahat, daha anlaşılabilən interfeys yaratmışıq. Mobil tətbiq vasitəsilə sizə nəyi necə etmək lazımdır hamısı mərhələ-mərhələ izah olunur. Biz əlimizdən gələni edirik ki, elektrikli maşına keçən insanlar üçün heç bir maneə olmasın. Bu şarj alətinin üzərində bir ilə yaxındır ki, işləyirik. Yaxın zamanda, təxminən iki ay ərzində bunu tamamlayacağıq.
- Necə oldu ki, siz çətinliyi olan sürücülər üçün şarj aləti yaratmağa qərar verdiniz?
- Əslində biznes ideya olaraq ağlımda konseptlər hər zaman olub. Ancaq bəzən sırf bir potensial müştəridən, onun probleminin nə olduğunu başa düşdükdən sonra anlayırsan ki, burada həqiqətən də bir problem var, bunun həll yolu tələb olunur. İnnovasiyaya çox marağı olan bir yaşlı qonşumuz var idi. Onunla da fikirlərimi paylaşmışdım və o, çox həvəslə istəyirdi ki, elektrik maşınlarına keçid etsin. Sırf naqillərin ağırlığından şikayətlənirdi. Deyirdi ki, həm naqillərin ağır olması, həm də interfeysin çətin olması səbəbindən yaşlı adamlar üçün elektrik mühərrikli maşınlar işlətmək asan iş deyil. O, düşünürdü ki, hər dəfə maşını şarj etmək istəyəndə kimdənsə kömək istəməli olacaq. O, da heç kəsdən kömək almaq istəmirdi. Mənə deyirdi ki, Fidan, nə vaxtsa şarj aləti yaratmaq istəsən bunu nəzərə alarsan. Mən də bu arqumenti test etdim və belə bir problemin olduğunu gördüm. Daha sonra fikir verdim ki, qonşularımdan bir çoxu belə problemi qeyd edirlər. Bu universal bir şarj aləti olmalıdır, ona görə düşündüm ki, hər kəsin problemləri nəzərə alınmalıdır. Heç kəsin problemi ixtisar edilməməli, görməzdən gəlinməməlidir. Bu da prototipin üzərində çalışmağıma səbəb oldu.
- İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri nələrdir?
- İlk növbədə sevdiyim işi görürəm. Bu hər gün təkrarlanan bir iş deyil. Hər gün sənin qarşına yeni bir innovasiya çıxır. Daima inkişaf var, heç vaxt darıxmırsan, hər gün xəbərləri açanda yeniliklərin olduğunu görürsən. Bu da tələb edir ki, təsisçilər və bu işlə məşğul olan insanlar bu yeniliklərlə ayaqlaşsınlar. Çünki innovasiya bu işləri qabağa aparır. Bundan başqa, iş və şəxsi həyat balansını özümün təyin edə bilməsi çox gözəl haldır. Həm də iş saatlarım rahatdır. Artıq COVID-19 pandemiyasından sonra çoxları Britaniyada saat 09:00-17:00 arası çalışmır. Burada insanlar işə də vaxt ayırır, öz məqsədlərinə də çata bilirlər, bu çox önəmlidir.
Xoşuma gəlməyən cəhətlərinə gəldikdə isə… Tam olaraq bunu xoşuma gəlməyən adlandırmazdım. Çünki düşünürəm ki, yaşadığım çətinliklər də püxtələşməyimə səbəb olur. Ən böyük çətinlik o zaman olur ki, qarşıma qoyduğum məqsədləri dərhal həyata keçirə bilmirəm. Məsələn deyirik ki, müəyyən məbləğdə investisiya cəlb etdikdən sonra bu işə filan tarixdə başlayacağıq. Ancaq startap aləmində bu belə deyil. Planlar bir gün içərisində 180 dərəcə dəyişə bilir. Ona görə də daha düşüncəli, strateji davranmaq lazımdır ki, "plan A” həyata keçməyəndə "plan B” olsun.
- Komandanızda sizdən başqa kimlər var? Həmçinin investorlarınız varmı?
- Mən iki ilə yaxın idi ki, tək çalışırdım. Artıq işlər çoxalandan və yeni məhsul üzrə çalışmağa başlayandan sonra texniki mühəndis, yəni sistem mühəndisi işə götürmüşük. Həmçinin bəzi partnyorlarımız var ki, onlar da məhsulun yığımında bizə yardımcı olurlar.
"Hardware” (avadanlıq – red.) fokusu olan sahələrdə investisiya qaçınılmazdır. "Software” (proqram təminatı – red.) olan sahələrdə bəzən məhsulun prototipini pulsuz etmək olur. Çox təəsüf ki, bizdə bu şarj alətinin prototipini belə qurmaq üçün investiya lazımdır. İlkin investisiyamız bu sahəyə və bizim vizyonumuza inanan şəxsi (belə investorlar mələk investor adlanır – red.) investor tərəfindən edildi. Onun investisiyasından sonra biz Britaniya hökumətindən də qrant aldıq. O qrant da bizim daha sürətlə inkişafımıza səbəb oldu. Həmçinin burada vençur kapitalı (yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır – red.) olan şirkətlərlə də danışırıq. Düşünürəm ki, onlar sayəsində də geri qalan investisiyaları tamamlayacağıq.
- Londonda ümumiyyətlə startap qurmaq çətindirmi?
- Londonda startap ekosistemi çox sürətlə yayılır. Hər gün yeni bir mövzuda startapların yarandığını görürük. Bu sahə çox populyar sahədir. Çətinliyə gəldikdə startapın hansı mövzuda, sektorda olmağına baxır. Əlbəttə ki, bəzi startaplara investisiya cəhətdən çox kiçik bir məbləğ lazımdır ki, onlar irəli getsin və satış etsin. Bəzi startaplarda isə milyonlarla ilkin investisiyaya ehtiyac olur. O zaman işlər uzanır. İndiki zamanda həm Avropada, həm İngiltərədə investisiya almaq çox çətinləşib. Bu, iqtisadi böhran və inflyasiya ilə də əlaqədardır. Britaniyada investorlar daha ehtiyatla davranırlar. Hər startap ona görə də investisiya alıb inkişaf edə bilmir. Bir çoxları yaradılır və bir il içərisində artıq işini dayandırırlar. Ona görə, startapdan "scale-up” səviyyəsinə çıxana qədər çətindir. Startapın davam etməsi üçün daimi müştərilər lazımdır. Daimi müştərilər olduqdan sonra gəlir də gəldiyinə görə startapın riskləri nisbətən azalır.
- Azərbaycandan sizin kimi startap qurub Londona gəlmək istəyənlərə nə məsləhət verərdiniz?
- Azərbaycanda əvvəlki illərə nisbətən startap sahəsində çox uğurlu işlər görülür. Həm qızlar, həm oğlanlar tərəfindən daha çox startaplar görürük. Xanımların daha çox bu startap ekosisteminə maraq göstərdiyini görürəm. Bu çox sevindirici haldır. Öz təcrübəmə əsasən deyə bilərəm ki, hər bir startapda təsisçilər hər zaman öz ideyalarının möhtəşəm olduğunu düşünürlər. Fikirləşirlər ki, bu ideya çoxlu pul gətirəcək və s. Onlar məsləhətləşmədən məhsulu bir istiqamətdə istehsal edir, satmağa çalışırlar. Bu düzgün yanaşma olmaya bilər. Ona görə yeni başlayan startapçılara məsləhətim odur ki, ideyanıza inanırsınızsa mütləq onu araşdırın, mentorlarınız varsa onlarla məsləhətləşin. Daha aydın başa düşün ki, bu startap hansı problemi həll edir. Bunu aydınlaşdırandan sonra çətinliklər ola bilər, amma bu, o demək deyil ki, dayanmalısınız. Əgər həqiqətən də məqsədli şəkildə bu ideyanı araşdırmısınızsa, çətinliklərə də məruz qalsanız çalışın bu sahədə ixtisaslaşan insanlarla məsləhətləşəsiniz, biznes ideyanızı daim inkişaf etdirəsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay