"Ölkəmizdə keyfiyyətli startaplar çatışmır" - Uğur hekayəsi
Orta təhsilini Xırdalan şəhər 2 saylı tam orta məktəbdə alıb. Məktəbi fərqlənmə ilə bitirib. 642 bal toplayaraq Qafqaz Universitetinin Mexanika mühəndisliyi ixtisasına qəbul olub. Elə hər şey bundan sonra başlayıb. Müsahibimiz bu il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən Tariyel Ağazadədir.
O, 2020-ci ildə Azərbaycan İnnovasiya Mükafatı üzrə “İlin influenseri” adına da layiq görülüb. 2022-ci ildə “İlin Ekosistem Lokomotivi” nominasiyası üzrə “İlin İnnovasiya Adamı” seçilib.
T.Ağazadə deyir ki, onu innovasiya sahəsinə gətirən müəllimi olub: “Əvvəl mühəndis olmaq istəyirdim, daha sonra özümü innovasiya, startap sahəsində sınamağa qərar verdim. Müəllimimin şirkətində təcrübəçi olaraq işə başladım. Bir il orada fəaliyyət göstərdim. Təcrübə müddəti bitdikdən sonra elə həmin şirkətdə işə başladım. Daha sonra fəaliyyətimi proqram meneceri olaraq davam etdirdim. Əsası Türkiyədə qoyulmuş və qurucularından biri azərbaycanlı olan startapdan inkişaf üzrə menecer vəzifəsinə dəvət aldım. Orada bir il işlədim. Bu zaman müddətində startapda proseslərin necə getdiyini, biznesin necə qurulduğunu öyrəndim. Sonra Azərbaycanın böyük banklarının birindən iş təklifi gəldi. Orada innovasiya proqramı yaradılırdı və aparıcı mütəxəssis tələb olunurdu. İki ilə yaxındır onlarla çalışıram”.
Tariyelin texnologiya sahəsində müxtəlif uğurları mövcuddur: “Əvvəldən texnologiya sahəsinə böyük həvəsim var idi. Universitet vaxtı fikirləşdim ki, özümə bloq yaradım. Bloqumu inkişaf etdirib texnologiya və startap paylaşan bir platforma yaratdım. Onu dövlət qurumuna satdıq. Bu, mənim ilk uğurlu biznes layihəm idi. Amma uğursuz olub fəaliyyətini dayandıranlar da mövcuddur. Sonra düşündüm ki, bu işə daha ciddi yanaşmaq və daha böyük investisiya lazımdır. Texnologiya, startap və innovasiya haqqında olan xəbər platformamı yaratdım. Hər bir uğursuzluq təcrübədir. Uğursuz hesab etdiyiniz layihə zamanınızı, maliyyənizi alır. Amma bunun qarşılığında sizə təcrübə verir ki, növbəti dəfə addım atanda həmin səhvi təkrar etməyəsiniz”.
Müsahibimiz uğurlu olmağın sirlərindən də danışdı: “Kimisə təqlid etmək, model kimi götürmək olar. Amma getdiyin yol mütləq fərqli olmalıdır. Bəzən deyirlər doğulduğun ölkədən asılı olaraq ya geridə, ya öndəsən. Amma mən düşünürəm ki, hər şey insanın özündən asılıdır. Hər bir insan atacağı addıma və verdiyi qərarlara görə nəticə alır. Hər uğurlu insanın məqsədləri, hədəfləri var. Həmin məqsədə getmək üçün kiçik hədəflərin olmalıdır. Onlara bir-bir çatmalısan. Belə olduqda yorulmadan, ruhdan düşmədən, motivasiyalı böyük məqsədə doğru irəliləyirsən. Mənim məqsədim var idi ki, Azərbaycanda texnologiya sahəsində elə bir media qurum ki, ən azı “TOP 3”də olsun, bir çox brendlərlə işləsin. Növbəti hədəf regionda bu uğuru böyütməkdir. Uzun vədəli məqsədlərdə milyonlarla insan tərəfindən istifadə olunan və qlobal səviyyədə fəaliyyət göstərən startap yaratmaq istəyirəm. Uğurlu olduqdan sonra şirkəti satıb qazancımdan investor kimi azərbaycanlı startapçılara yatırım etmək niyyətindəyəm”.
Müsahibimizin sözlərinə görə, startap dünyada çox yayılsa da, Azərbaycanda yatırım ediləcək layihə yoxdur: “İstifadə etdiyimiz sosial şəbəkələr, taksi xidmətləri və sair - hamısı startapdır. Saniyələr içində milyonlar qazanırlar. Startap həm onu quran adamın, həm ondan istifadə edənlərin həyatını dəyişir. Azərbaycanda startapa daha çox cavan nəsil maraq göstərdiyinə görə bir az qeyri-ciddi yanaşırlar. Amma startap qətiyyən boş bir şey deyil, biznesdir. Ənənəvi biznes kimi market açırıq, restoran qururuq ki, o bizə pul qazandırsın. Startap da eyni məntiqə xidmət edir. Sadəcə, yeni bir şey yaradırsız və o, insanların həyatını rahatlaşdırmalı, problemlərini həll etməlidir. Bizdə buna yarış kimi baxırlar. Bəzən yaradırlar ki, sırf mükafat alsınlar. Amma son illər atılan addımlar sayəsində insanların startap anlayışı yavaş-yavaş dəyişir, daha düzgün şəklə gəlir. Özəl qurumlar da yatırımlarını innovasiya sahəsinə edir ki, ölkəyə daha çox fayda versin. Azərbaycanda özəl investorlar bu sahəni öyrənib, startaplara yatırım etmək istəyirlər. Hazırda Azərbaycanda investorlarla bağlı problem yoxdur, əksinə, keyfiyyətli startaplar çatışmır. Əvvəl investor da yox idi, startap da”.
Həmçinin biznesin inkişafı üzrə menecer olan Tariyel Ağazadə deyir ki, startap qurarkən tələsmək olmaz: “Tövsiyə edərdim ki, startap quran, yaxud buna maraq göstərən insanlar məhz ekspert olduğu sahə ilə bağlı startap yaratsınlar. Çünki ekspert olduqları sahədə təcrübələri və əlaqələri var. Startapların 90 faizi uğursuz olur. Başlıca məqsəd pul qazanmaq, yaxud istifadəçi yığmaqdır. Baxmalıdırlar ki, startapdan pul qazanırlarmı? Yaxud kütlə yığdıqdan sonra qazanc gətirə biləcəkmi? Bu layihə insanlara lazımdırmı?”
Həmsöhbətimiz hər il ölkəmizi dünyada müxtəlif tədbirlərdə təmsil edir: “Ölkəmiz innovasiya və texnologiya sahəsində bir neçə il geridədir. Biz birbaşa onların səviyyəsinə gəlmək üçün radikal addımlar atmalıyıq. Məsələn, Çin inkişaf etməkdə olan ölkədir. Onlar bizdən daha geridə idilər. Texnologiya məsələsinə dövlət o qədər önəm verdi ki, inkişaf etmiş ölkələrdən də önə keçdilər. Tədbirlərdə görürdüm ki, daha maraqlı, kreativ, çətin məsələləri asanlaşdıran startaplar yaradırlar. Xarici ölkələrdə hər bir dövlət qurumunun innovasiya ilə bağlı işi var. Özəl şirkətlər də çoxlu yatırım edirlər. Özləri də startap qururlar, bu texnologiyaları araşdırmaq üçün laboratoriya yaradırlar. Ən bəyəndiyim texnologiya tədbiri İspaniyanın Barselona şəhərində baş tutub. Orada maraq dairəmdə olan ən son texnoloji cihazları təqdim edirlər”.
Deyirlər ki, texnologiya ilə maraqlanan insanlar ruhsuz olur, insanlarla ünsiyyət qurmurlar. Tariyel isə deyir ki, buna peşəkar iş kimi baxdığına görə, onda belə deyil. Amma bir çox hallarda sosial media, virtual reallıq insanları real həyatdan uzaqlaşdırır: “Mən platformaya, sosial mediaya daha çox alət, qazanc mənbəyi kimi baxıram. Necə ustaların alətləri olur, mənim də alətim sosial mediadır. Bu alət məni real həyatdan qətiyyən uzaqlaşdırmır, əksinə, daha yaxşı yaşamaq, daha çox pul qazanmaq, inkişaf etmək, insanlarla tanış olmaq üçün vasitə olur. Ayda bir dənə kitab oxuyuram. O da məhz texnoloji, biznes sahəsində olur. Zamanında poetik şeirlər, romanlar oxumağım cəmiyyətə yararlı kadr olmağıma, danışığıma, hərəkətlərimə təsir edib. Amma hazırda vaxt itkisi olmaması üçün işimə tətbiq edə biləcəyim kitablara daha çox diqqət edirəm”.
T.Ağazadənin fikrincə, ölkəmizdə texnologiyadan istifadə yüksək səviyyədə deyil: “Hər il yeni telefon alırıq, amma texnoloji yeniliyinə görə yox, sırf brendinə görə. Bəzən dünyada çox populyar olan yenilik bizim insanlar tərəfindən başa düşülmür. Mən bloqumda insanlara texnologiyanı, texnoloji yenilikləri sevdirmək üçün çox sadə, bəsit dildə izah edirəm. Videoları sadə dildə çəkdiyimiz, hamını nəzərə aldığımız üçün milyonlarla insan tərəfindən izlənilir. Platformada izləyicilərdən gələn maraqlı, texnoloji sualları cavablandırırıq. Ailə-məişət problemləri ilə bağlı sualları cavablandıranda milyonlarla izlənmə gəlir. Məsələn, “yoldaşımın xəyanətini necə tapım”, “telefonunu necə izləyim”, “parolunu necə qıra bilərəm”. Qeyri-qanuni olan şeyləri çalışırıq ki, səsləndirməyək”.
İlin influnserilə ölkəmizdə və dünyada məşhur olan influnserliyin sirləri haqqında da söhbətləşdik: “İnflunserin mənası kütləyə təsir etməkdir. Texnologiya sahəsində kütlə bir az dardır. Çünki hamı bizim videoları izləyib başa düşə bilməz. Gözəllik, yemək mövzusunu sevən insanlar və o sahədə blogerlər daha çoxdur. Amma texnologiya sahəsində barmaqla sayılacaq, heç 10 bloger yoxdur. İzləyicimiz az olsa da, qiymətlərimiz onlardan daha bahadır. Çünki dünya brendləri ilə işləyirik, həmçinin kontent daha çətin əmələ gəlir. Brendlər də bizimlə işləməyə məcburdur, çünki başqa keyfiyyətli kontent yaradan yoxdur. Sadəcə, insanlar blogerlərin bu qədər qazandığını başa düşmək istəmir. Amma onlara qazandıran da elə insanlardır. İnflunserlər agentlik vasitəsilə işləyirlər, dövlətə vergi ödəyirlər. Daha sonra agentlik blogerlərə qeyri-rəsmi və ya rəsmi pul köçürür”.
Tariyel “TikTok” platformasının düzgün istifadə olunmadığını, amma yavaş-yavaş vəziyyətin dəyişə biləcəyini düşünür: “TikTok” çox möhtəşəm bir platformadır, heç bir pis tərəfi yoxdur. “TikTok” istifadəçi sayına görə “Facebook”u da, “İnstagram”ı da keçib. Bəzi ölkələrdə qadağa qoyulanda çox məyus oluram. Çünki yaradıcı insanların qazanc, tanınma mənbəyi, sadə insanların isə əyləncə mərkəzidir. Bizim tiktokerlər bu platformanı səhv istifadə edirlərsə, bu, onların günahıdır. “TikTok”da 100 minə yaxın izləyicimiz var. Telefon haqqında bir videomuz 1,7 milyon dəfə izlənilib. Nazirliklərin, qurumların “TikTok” səhifəsi var, öyrədici kontent yaradırlar. Azərbaycanda bu mövzuda dəyişmələr baş verir və daha keyfiyyətli kontentlər gəlir”.
Dünya ölkələrində müxtəlif konfranslarda olan müsahibimiz bildirir ki, bizdə bankçılıq digər ölkələrdən daha çox inkişaf edib. Azərbaycanda bank və maliyyə sahəsində startapların az olmasına, çox da inkişaf etməməsinə görə banklar bu məsuliyyəti üzərlərinə götürürlər və startap rolunu oynayırlar: “Bəzi ölkələrdə pul köçürmək, kart yaratmaq, proqram yükləmək üçün banka yaxınlaşmalı, rəsmi ərizə yazmalısan. Sadəcə, biz müqayisə edə, inkişafımızı görə bilmirik. Dünya ölkələrində kibercinayətkarlıq, hakerlik çox inkişaf edib, dələduzluqlar daha ciddi, çətin, düşünülmüş və ağıllı şəkildə baş verir. Ölkəmizdə isə insanların kartından pul çəkilməsi, şəxsi məlumatların, şəkillərinin oğurlanması, şantaj olunması son vaxtlar başlayıb. Bizdə daha çox insanların saf olmasından istifadə edirlər. Məlumatların paylaşılması, pullarının çəkilməsi insanlarımızın öz səhvidir. Rəsmi olmayan, məlumatları oğurlayan proqramları yükləyirlər. Bütün banklar bildirir ki, şəxsi məlumatlarınızı heç kimlə paylaşmayın, hətta bank əməkdaşları ilə də”.
Son olaraq gənclərə tövsiyələr ilə söhbətimizi bitirdik: “Tövsiyəm odur ki, hansı sahədə olursunuz olun, amma işinizi keyfiyyətli görməyə çalışın. İşi yola versəniz, bilin ki, özünüzü yola verirsiniz. Maaşlı işlədiyiniz yerdə belə, işi düzgün görsəniz, oradan öyrənəcəksiniz. İkinci məsələ insanlara faydanız toxunmalıdır. İşlərlə bağlı paylaşımlar edin, görüşlərə gedin, maksimum faydalı olmağa çalışın”.
Mənbə: "Kaspi" qəzeti
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay