“StartUp School 2 – AI for Green Solidarity” layihəsi BDU-da təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “StartUp School 2 – AI for Green Solidarity” layihəsi ilə bağlı növbəti maarifləndirmə tədbirini Bakı Dövlət Universitetində (BDU) təşkil edib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov layihənin gənclərin ideyalarının dəstəklənməsi istiqamətində əhəmiyyətindən danışıb, tələbələri fəal iştiraka dəvət edib.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2” layihəsinin əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlı qurumlardan və gənc startapçılara təqdim etdiyi fürsətlərdən danışıb. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda gənclərin süni intellektlə bağlı bilik və bacarıqlarını artırmaq, innovasiya mədəniyyətini və texnologiya savadını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.
Portalın layihə meneceri Nəzrin Əkbərova tələbələrə layihənin məqsədi, meyarları, seçim qaydaları, ideyaların biznesə çevrilməsi imkanları, innovasiyaların inkişaf trendləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Tədbir çərçivəsində gənclər arasında innovasiya və startap ekosisteminə həsr olunmuş viktorina keçirilib. Viktorinanın ən fəal iştirakçılarına İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.
Sonda “Enterprise Azerbaijan" portalının əməkdaşları BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası ilə tanış olublar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay