“İKT-də ilin qadını” seçilən 27 yaşlı azərbaycanlı xanım - Səmayə Həbibova kimdir?
Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “IDDA Awards” müsabiqəsində “İKT-də ilin qadını” nominasiyası üzrə Səmayə Həbibova seçilib.
Bəs Səmayə Həbibova kimdir?
Valyuta.az Səmayə Həbibova ilə söhbətləşib. Səmayə xanım hüquqşünasdır. O, həm də E-LEGAL startapının - Azərbaycanda hüquq xidmətlərini elektronlaşdıran ilk portalın təsisçisidir.
Səmayə Həbibovanın uğurları elə universitet dönəmindən başlayıb:
“2013-2017-ci illərdə bakalavr təhsilimi Bakı Dövlət Universitetində 657 bal toplayaraq dövlət sifarişli əsaslarla almışam. 2-ci kursdan etibarən “Sabah” qruplarına qəbul olaraq təhsilimi davam etdirmişəm. 2015-ci ildə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görüldüm. 2017-ci ildə təhsilimi uğurla bitidiyimə görə o vaxt təhsil naziri olan Mikayıl Cabbarov tərəfindən təltif olundum. Bakalavr təhsilimi 97 faiz ortalama ilə bitirmişəm. 2017-2019-cu illərdə isə BDU-nun və Julius-Maximilians-Würzburg Universitetinin birgə proqramı olan ikili proqramlı Avropa hüququ və biznes hüququ ixtisaslı magistr dərəcəsində oxumuşam. Würzburg Universitetini də ən yaxşı fərqlənmə ilə bitirmişəm. 2020-2023-cü illərdə isə BDU-nun doktorantura dərəcəsini almaq üçün təhsilimi hüquq üzrə fəlsəfə doktorluğu kimi davam elətdirmişəm. Mümkün 50 baldan 47 bal toplayaraq təhsilimi bitirmişəm. Paralel olaraq 2021-2023-cü illərdə İngiltərə York Universiteti, Fransanın Strazburq Universiteti birgə ikili magistr dərəcəsində maliyyə ixtisası üzrə oxumuşam”.
Səmayə xanım təhsilini bitirdikdən sonra öz sahəsi üzrə işləməyə başlayıb:
“İlk dəfə hüquqşünas köməkçisi və kiçik hüquqşünas kimi çalışmışam. Daha sonra “PAŞA Həyat”da hüquqşünas, Dövlət Neft Fondunda baş hüquq məsləhətçisi olmuşam. Daha sonra E-LEGAL şirkətini qurmuşam. Azərbaycanda ilk dəfə bu hüquq şirkəti quruldu”.
S.Həbibova deyir ki, E-LEGAL şirkəti uğurlu oldu. Özü ilə bərabər bir çox uğurlar gətirdi:
“İlk dəfə KOBİA tərəfindən startap setifikatını 2022-ci ilin may ayında əldə etdik, bu bizim ilk uğurumuz idi. Daha sonra Asan Xidmət bizim Azərbaycan Respublikasının bütün əhalisinə olan töhfəmizi görərək onlarla 10 illik müqavilə bağlamağımızı istədi. Bundan sonra bütün Asan Xidmətlərdə E-LEGAL kioskları olacaq ki, insanlar peşəkar hüquq xidmətlərini əldə edə bilsin. Daha sonra KOBİA tərəfindən 19.574 dəyərində qrant əldə etmişik, Dövlət Məşğulluq Agentliyi tərəfindən 10.000 manat dəyərində, SABAH.HUB 20.000 manat dəyərində investisiya əldə etmişik. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 91000 manat dəyərində qrant almışıq. Bundan başqa, uğurlarımıza aiddir, “ASAN login” portalında e-legal istifadəyə verilib”.
Səmayə Həbibova E-LEGAL-la birgə Amerikada, İrlandiyada, Belaruskda, Böyük Britaniya kimi ölkələrdə keçirilən müxtəlif startapların tədbirlərində Azərbaycanı təmsil edib.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay