Türkiyədə yeni doğulan körpələrə verilən dövlət yardımının məbləği artırıldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "Ailə ili tanıtım proqramı"nda yeni evlənən cütlüklərə faizsiz kredit dəstəyi ilə bağlı açıqlamalar verib.
Valyuta.Az xəbər verir ki, Prezident ailə qurmağa addım atan gənclərə 48 ay müddətin (ilk 2 il geri ödəmə məcburiyyəti olmadan) 150 min lirə məbləğində faizsiz kredit təqdim edəcəklərini bildirib.
Prezident çıxışında deyib: "Ailə və Gənclik Fondu çərçivəsində yeni evlənəcək gənclərimizə təqdim etdiyimiz faizsiz kredit dəstəyini 81 vilayətimizin hamısında tətbiq edirik. Artıq bütün gənclərimiz Ailə və Gənclik Fondundan faydalana biləcək. Ailə quracaq gənclərimiz bu imkandan yararlanmaq üçün bu gündən etibarən müraciətlərini edə bilərlər."
Körpələrə dövlət dəstəyi
Ərdoğan yeni doğulan uşaqlar üçün təqdim edilən maliyyə dəstəyi barədə də məlumat verib. İlk uşaq üçün tək dəfəlik doğum yardımının 5 min lirəyə kimi qaldırıldığını qeyd edib: "İkinci uşaq üçün hər ay 1500 lirə; üçüncü və sonrakı uşaqlar üçün isə hər ay 5 min lirə olmaqla uşaq yardımlarını həyata keçiririk. İkinci və sonrakı uşaqlar üçün heç bir şərt qoyulmadan təqdim ediləcək bu yardımları hər ay analarımızın hesabına köçürəcəyik. Bu müjdəmizin ailələrimiz üçün xeyirli və uğurlu olmasını arzu edirəm."
Prezident ailə qurmağı təşviq edəcək bir sıra digər tədbirlər barədə də danışıb. Onun sözlərinə görə, maddi dəstəklər, məsləhət xidmətləri, gənc cütlüklər üçün mənzil dəstəyi, həmçinin qadınların iş və ev həyatını asanlaşdıracaq yeni iş modeli tətbiqləri həyata keçiriləcək.
"İşləyən valideynlər üçün pulsuz və ya aşağı qiymətli uşaq baxımı xidmətlərini gücləndirəcəyik. Uşaq sahibi olmağı təşviq edəcək və ya asanlaşdıracaq tibbi imkanları ailələrimizin istifadəsinə təqdim etməyə xüsusi diqqət yetirəcəyik," - deyə Ərdoğan bildirib.
Prezident əlavə edib ki, ilin sonuna qədər daha genişmiqyaslı layihələr və müjdələr ailələrlə paylaşılacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay