İş həyatında üstünlük qazanmaq üçün ingilis dilindən başqa hansı dilləri öyrənək?
Xarici dil biliyi şirkətlər üçün önəmlidir. Vakansiyalara baxdıqda da bunu müşahidə edə bilirik. Əvvəllər rus dil biliyi vacib idisə, indi ingilis dil biliyi də vacibdir. Hətta artıq ingilis dili belə dəbdən düşüb, işə qəbul olmaq üçün fərqli dillər öyrənənlərin sayı çoxalıb. Başqa xarici dillərə də tələb yaranıb. Bəs gələcək karyeramızda üstünlüyümüz olsun deyə hansı dilləri öyrənməliyik?
Poliqlot Aslan Məmmədzadə Valyuta.az-a dünyada tələbatın çox olduğu dillərdən danışdı:
“Dünyada ingilis dilindən sonra öyrənilən ikinci ən böyük dil ispan dilidir. İspan dili 21 ölkənin rəsmi dilidir. Amerikada ikinci ən populyar dil ispan dilidir. Dünyada 450 milyondan çox insan ispan dilində danışır. Eyni zamanda BMT-nin 6 rəsmi dilindən biri məhz ispan dilidir”.
A.Məmmədzadə üçüncü ən populyar dilin fransız olduğunu bildirdi: “UNESCO, NATO, eyni zamanda BMT-nin rəsmi dillərindən biri də fransız dilidir. Hazırda 300 milyondan çox insan fransız dilində danışır. Statistika onu göstərir ki, 2050-ci ilə qədər bu sayı 750 milyonu keçəcək. 29 ölkənin rəsmi dili fransız dilidir”.
Həmsöhbətimiz deyir ki, çin dili inanılmaz dərəcədə nəhəng dildir: “Amma çin dili bir az spesifik dildir. Daha çox nəhəngliyi, gücü, böyüklüyü iqtisadiyyat və biznes sahələrindədir. Bizneslə məşğul olan, əsasən də Çinlə işləyən sahibkarlara bu dil hava, su kimi lazımdır. Bəzən olur ki, sahibkarlar Çinə getdikdə dili bilmədikləri üçün tərcüməçilərə çoxlu pullar ödəyirlər. Həm də çinlilər ingilis dilində danışmır, danışdıqda da çox zəif danışırlar”.
A.Məmmədzadə növbəti nəhəng dillərdən birinin də alman dili olduğunu bildirdi: “Sadəcə Almaniyada deyil, Avstriyada da rəsmi dildir. Avropanın bir çox ölkələrində alman dilində danışan insanlar görə bilərik. Macarıstanda, Budapeştin küçələrində ingilis dilində danışa bilməyən polislər belə almanca danışa bilirlər. Almaniyanın iqtisadiyyatının güclü olması, ələlxüsus da tibb sahəsində tələbat olur ki, alman dilində danışılsın. Tibb sahəsində alman dili çox önəmlidir”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay