Təyyarədə baqajın itmiş sayılması müddətinin azaldılması təklif olunub
Baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, itirilmiş sayılır.
Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, bəzi məsələlərin dəqiqləşdirilməsinə də ehtiyac var.
Onun sözlərinə görə, layihədə beynəlxalq hava daşıması birdən artıq dövlətin ərazisi üzərindəki hava məkanından keçən hava daşıması kimi təqdim olunur: “Burada redaktə xarakterli dəyişikliyə ehtiyac var. Dövlətlərin hava məkanı anlayışı aydındır və konkretdir. “Dövlətlərin ərazisi üzərindəki hava məkanı” anlayışı bir qədər qeyri-müəyyənlik yaradır, eyni zamanda müvafiq bəndin strukturunu mürəkkəbləşdirir. Yəni “ərazisi üzərindəki” ifadəsini bu bənddən çıxarsaq, fikri daha dəqiq, sadə və aydın ifadə edilmiş olar”.
Deputat digər məsələyə də toxunub: “Layihədə göstərilir ki, baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa itirilmiş sayılır. Beynəlxalq praktikada bu, ən çoxu 21 gündür. Azərbaycanın 2014-cü ildə qoşulduğu “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”da göstərilir ki, baqaj iyirmi bir gündən sonra çatmayıbsa, sərnişinin daşıma müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsinə icazə verilir. Hesab edirəm ki, layihədə göstərilən bu müddət beynəlxalq təcrübəyə və iştirakçısı olduğumuz konvensiyaya uyğunlaşdırılmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay