"Yaşlı əhali sayının artımından narahat olmağa dəyməz" - Ekspert
Trend-in məlumatına görə, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 2018-ci ilin əvvəlindəki 648,2 min nəfərdən 32,6 faiz artaraq, 2023-cü ilin əvvəlinə 859,4 min nəfərə çatıb. Hesablamalara əsasən, 2050-ci ildə 65 yaş və həmin yaş üzərində olan şəxslərin əhali tərkibində xüsusi çəkisi, bu ilki 8,5 faizdən 17,8 faizə yüksələcək.
İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki, ölkəmizdə yaşlı əhalinin sayının faiz nisbətində artımından hələlik narahat olmağa lüzum yoxdur:
"Hazırkı vəziyyətdə yaşlı əhali ümumi əhali strukturunda hər hansı bir çətinlik yaratmır. İndilikdə bu tendensiya hələlik Avropanı narahat edən məsələdir. Avropa ölkələrində gənclərin əhalinin strukturunda payı kəskin azalıb. Ona görə də bu ölkələrdə işləməyə adam tapılmır.
Azərbaycanda isə bu problem yoxdur. Əksinə, işləmək istəyənlərin işlə təminatı məsələsində çətinliklər var. Hazırda ölkəmizdə gənclərin əhalinin ümumi strukturunda payı 40-41 faizdir. Bu rəqəm Avropa ilə müqayisədə 10 faiz daha yaxşıdır. Ona görə də 65 yaşdan yuxarı insanların sayının artımı ölkəmiz üçün hələlik narahatlıq yaratmır.
Təbii artımın aşağı düşməsi dövləti narahat edə bilər. Amma əhalinin gözlənilən ömür müddətinin artımı dövləti əslində sevindirir. Bu insanlarımızın yaxşı yaşamalarının, normal tibbi xidmət almaları, normal mühitdə yaşamaları və düzgün qidalanmalarının göstəricisidir. Amma qocalma prosesi təbii artımın azalması hesabına olacaqsa, mövcud tendensiya gələcəkdə problemlər yaradacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay