Parkinq problemi: Elektron sistem işə düşəcək, yoxsa yenə “sarıjiletli”lər qalib gələcək?
Son dəyişiklikdən sonra nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq. Nəqliyyat vasitələrinin parklanması "AzParking" mobil tətbiqi vasitəsilə idarə ediləcək. İndiyə qədər tamamilə nağd olan sistem bundan sonra tamamilə elektronlaşacaq. Bəs buna hazırıqmı?
İqtisadçı ekspert Rauf Qarayev deyir ki, bu layihə ilə bağlı insanlarda sual yaradan məqamlar çoxdur: “Parklanma məsələsində insanları ən çox maraqlandıran məqam odur ki, yeni tətbiq olunan qaydalar nə qədər effektiv olacaq? Çünki bundan əvvəl də dayanacaqlarda parkomatlar mövcud idi, amma yenə də vəsaitlər nağd şəkildə yığılırdı. Yəni “sarıjiletlilər” bu üsula qalib gəldilər, parkomatlar öz əhəmiyyətini itirdi. Effektsiz olan daha bir layihəyə avtobus dayanacaqlarında quraşdırılan monitorları misal göstərmək olar, bir sıra belə layihələr var ki, maraqlı səslənir, tətbiqi isə uğursuz olur”.
Ekspert qeyd etdi ki, bu layihənin effektivliyi haqqında fikir bildirmək hələ tezdir: “Layihənin effektivliyi baxımından bir çox suallar mövcuddur. Məsələn, telefonu olmayan şəxslər bu üsuldan necə istifadə edəcəklər? Başqa bir məsələ, cərimələrə necə nəzarət olunacaq? O zaman hər ərazidə bir polis nəfəri olmalıdır. Könüllülərin nəzarət etməyi planlaşdırılır. Onlar telefon istifadə etməyən şəxslərə kömək edə bilər. Könüllü məsələsi də özlüyündə sual yaradır. Çünki ödənişlər nağdsız şəkildə həyata keçirilir. Belə olan halda əlavə bir aparata ehtiyac yaranacaq, yəni sürücü həmin aparatla ödənişi etməlidir. Misal olaraq, H.Əliyev adına Beynəlxalq Hava Limanında parklanma yerlərində xüsusi aparatlar mövcuddur. İndiki halda bu üsulun tətbiqi ərazi geniş olduğu üçün vaxtaparandır və effektiv olması da, şübhə altındadır”.
Ekspert layihənin sınaq aparılmadan tətbiq olunmasının çox da uğurlu addım olmadığını bildirdi: “Öncə pilot layihə şəklində tətbiq olunub effektivliyi yoxlandıqdan sonra geniş şəkildə tətbiqi daha məqsədəuyğun olardı. İndiki halda isə bu layihənin effektiv olacacğını demək çətindir. Tətbiq olunan layihə yaxşıdır və Avropa mövcuddur. Sadəcə, effektivlik baxımından sual altındadır. Pilot layihə kimi yoxlamadan keçmədən birbaşa tətbiq olunması müəyyən problemlər yaradacaq”.
R.Qarayevin sözlərinə görə, nağdsız qaydada ödənişlər həyata keçiriləcəyi üçün vəsaitlər kiminsə cibinə deyil, təyin olunmuş hesaba köçürüləcək. Ancaq vəsaitin düzgün xərclənməsi ilə bağlı suallar da yarana bilər: “Buna görə aidiyyəti orqan hesabatlar verməli və pulların hansı istiqamətə xərcləndiyi haqqında vətəndaşı məlumatlandırmalıdır. Ümumiyyətlə, istənilən qurum şəffaflığı təmin etmək üçün hesabatlar verməlidir. Bundan başqa, layihə uğurlu olduğu təqdirdə bu, digər dövlətləri maraqlandıra və ölkəmizin təcrübəsindən yararlana bilər, burada şəffaflıq da öz əksini tapacaq. Şəffaflığın təmin olunması üçün hesabatlılıq mütləqdir”.
İqtisadçı qeyd etdi ki, yeni qaydalarla parklanma sürücülərə daha baha qiymətə başa gələcək: “Əvvəllər, standart bir məbləğ ödəyib uzun müddət avtomobili park etmək mümkün idi. İndi isə müdddət artdıqca parklama qiyməti də artır. Bu, bir çox vətəndaşları narazı salıb. Bu hal vətəndaşların şəxsi avtomobillərindən çox ictimai nəqliyyata və ya taksiyə üstünlük verməsinə gətirib çıxaracaq. Çünki avtomobili bir yerdə uzun müddət saxlamaq həmin şəxsə baha başa gələcək. İctimai nəqliyyat bu layihənin tətbiq olunduğu Avropa ölkələrindəki qədər inkişaf etmədiyi üçün sərnişin çoxluğuna davamsızdır və vətəndaşların taksiyə daha çox üstünlük verməsinə gətirib çıxaracaq. Demək olar ki, burada qazanan taksi şirkətləri olacaq. Buna görə də taksi şirkətlərinin bu axını tənzimləmək qabiliyyətinə malik olması araşdırılmalıdır”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay