Qapısı ölümə açılan evlər: Neft kəmərinin üstündə mülk tikilir? (FOTO/VİDEO)
Sabunçu rayonunda yerləşən mədən ərazilərində, neft kəmərlərinin mühafizə zonasında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb.
Oxu.Az-ın məlumatına görə, xüsusilə, Elşən Mehdiyev küçəsində vəziyyət daha acınacaqlıdır. Burada əksər evlərin qapısı birbaşa boru xəttinə açılır. Sakinlər evlərinə getmək üçün kəmərlərin üstündən özlərinin saldıqları “körpülərdən” keçməli olur.
Halbuki, qanunla həm vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, həm də neft sənayesinin normal fəaliyyətinin təşkili məqsədilə boru xətlərindən 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Lakin Elşən Mehdiyev küçəsində nəinki 50 metrlik mühafizə zonası pozulub, hətta bəzi nöqtələrdə boru xətti insanların həyətyanı sahəsindən keçir.
Bu cür evlərdən biri də Ağayeva Rahilə Hidayət qızına məxsusdur. Təsəvvür edin, diametri 700 mm olan Böyükşor-Sumqayıt yeraltı neft kəməri onun həyətinin düz ortasından keçir. Bu da boru xəttinə nəzarəti, zəruri hallarda texniki xidmətin göstərilməsini xeyli çətinləşdirir. Uzun illərdir təhlükə ilə üz-üzə yaşayan Rahilə Ağayeva bütün bu risklərə baxmayaraq, qanunsuz zəbt edib hasarladığı həyətində ikinci ev tikdirir.
Hazırda sözügedən ərazidə elə bir qəribə vəziyyət yaranıb ki, strateji neft kəmərində hər hansı təmir işləri aparmaq və ya sadəcə xəttə baxış keçirmək yalnız ev sahibindən icazə aldıqdan sonra mümkün olur. Bu isə neft kəmərinin mühafizəsini, hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsini xeyli məhdudlaşdırır.
Bütün bunlardan daha vacib məsələ isə odur ki, neft sızması nəticəsində partlayışlar baş verə bilər, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün ciddi təhlükə yaradır. İndiyə kimi baş vermiş bu cür qəzalar zamanı vətəndaşların mülklərinə xeyli ziyan dəyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay