Bu, əhalinin yoxsulluq səviyyəsinin artmasını şərtləndirə bilər... - Ekspert
"Rəsmi inflyasiya statistikası reallığı tam olaraq əks etdirmir”.
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Maliyyə Nazirliyinin 2021-2025-ci illər üzrə inflyasiya proqnozunu şərh edərkən deyib.
Onun sözlərinə görə, indiki şərtlər daxilində verilən rəsmi proqnozların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını demək asan deyil:
“Bununla bağlı ciddi təhlillərin aparılmasına ehtiyac var. Amma bir məsələ aydındır. Rəsmi inflyasiya statistikası tam olaraq reallığı əks etdirmir. Cari il üçün inflyasiyanın 4,9 faiz olacağı deyilir. Lakin faktiki olaraq bazar müşahidələri göstərir ki, real inflyasiya əslində bunun üzərində olacaq.
Çünki ərzaq məhsullarında bahalaşma hökumətin açıqlamasına görə 5,6 faizdir. Amma istehlakçılara görə, bəzi hallarda bu, 20 faizin üzərindədir. Ona görə də rəqəmlərlə bağlı risklər hər zaman qalır”.
Ekspert qeyd edib ki, növbəti illərdə əhalinin gəlirlərində ciddi artımlar gözlənilmir:
"İstehlak gücünün inflyasiya qarşısında zəifləməsi ehtimalları yüksəkdir. Bu isə qiymət artımları təzyiqini aşağı salan, müəyyən qədər neytrallaşdıran hökumətə kömək edən faktor kimi qiymətləndirilə bilər. Amma burada başqa məsələ də var. Pandemiya qlobal dəyər zəncirinin pozulmasına, istehsal qiymətlər indeksinin sürətlənməsinə gətirib çıxarıb”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, Azərbaycan idxaldan asılı ölkə kimi bu istiqamətdə kifayət qədər inflyasiyanın idxalına açıq ölkədir:
"Hökumət fiskal və monitar siyasəti həyata keçirməklə əlində olan alətlər vasitəsilə yaranmış təzyiqləri neytralalşdırmalıdır. Əks halda gəlirlərin artım tempinin aşağı, inflyasiyanın yuxarı olması əhalinin yoxsulluq səviyyəsinin artmasını şərtləndirə bilər”.
Qeyd edək ki, Maliyyə Nazirliyinin proqnozlarına görə, cari ildə inflyasiyanın səviyyəsi 4,9 faiz olacaq. Qurumun gözləntilərinə görə, 2022-ci ildə inflyasiya rəqəmi 3,6 faiz, 2025-ci ildə isə 3,2 faizə enəcək.
Mənbə: Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay