Azərbaycanda bələdiyyələrin şirkət yaratması uğurlu addımdırmı? - AÇIQLAMA
Azərbaycanda bələdiyyələrin gəlirləri azalıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən il ölkədəki 1 606 bələdiyyə əvvəllki illə müqayisədə təxminən 4% az və yaxud 35 milyon manat gəlir əldə edib.
Bunun da təxminən 41,2%-i və yaxud 14,4 milyon manatı vergi gəlirləri, 56,2%-i və yaxud 19,7 milyon manatı vergi olmayan gəlirlər (o cümlədən 6 milyon manatı dövlət büdcəsindən ayırmalar), 2,6%-i və yaxud 0,9 milyon manatı isə digər gəlirlərdir.
Müşahidələr göstərir ki, son illər yerli özünü idarəetmə orqanları pul qazanmaq üçün ümidlərini təkcə vergilərə, bələdiyyə əmlaklarının özəlləşdirilməsinə, icarəyə (istifadəyə) verilməsinə və büdcədən ayrılan vəsaitlərə bağlamırlar, kommersiya fəaliyyəti ilə məşğul olmaqla əlavə gəlirlər əldə etməyə çalışırlar. Son nəticədə bələdiyyələrə məxsus kommersiya qurumlarının - məhdud məsuliyyətli cəmiyyətlərin sayı getdikcə artır. Bir qədər əvvəl İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə məxsus 4 şirkəti dövlət qeydiyyatına alıb. Bunlar "Axtaçı Obası", “Təmiz Kənd”, “Yerli Media” və “Zəfər Parkı" MMC-lərdir.
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bir çox ölkələrin təcrübəsində olan bələdiyyə institutlaşması Azərbaycanda hələ baş verməyib:
"Ümumilikdə Azərbaycan bələdiyyələrinin ümumi büdcəsi, məsələn Türkiyənin ən kiçik şəhərlərindən birinin bələdiyyəsinin büdcəsi qədərdir. Bu da çox aşağı göstəricidir. Ona görə də Azərbaycanda bələdiyyəçilik fəlsəfəsinin və idarəetməsinin dəyişməsinə, qanunvericilikdə ciddi dəyişikliklərin olmasına ehtiyac var”.
Onun fikrincə, bələdiyyələr daha müstəqil qurumlara çevrilməlidir:
“Bəzi vergi növlərinin bələdiyyələrə şamil edilməsi, onların büdcəsinə keçməsi təmin edilməlidir. Nəqliyyat xidmətinə bələdiyyələr baxmalıdır. Bir çox kommunal məsələlərdə bələdiyyələrin fəaliyyəti artırılmalıdır ki, bu, həm onların məsuliyyətini artırsın, həm də faktiki olaraq bələdiyyələrin məsuliyyəti artdıqca pul qazanma imkanları da çoxalacaq, çoxaldıqca da vətəndaşlara daha yaxşı xidmət etməyə ən azından borclu olacaq və buna çalışacaq.
Yəni, indiki bələdiyyələrin bu günki vəziyyətini təhlil etmək, ancaq nəticədən danışmaq kimi bir şeydir. Səbəbləri var, o səbəblər aradan qalxmasa, bələdiyyəçilik institutunun bu problemlərinin gələcəkdə də davam etməsi gözlənilir".
Onun sözlərinə görə, qanunvericilikdə bələdiyyələrin kommersiya müəssisələri yaratmasına nəinki qadağa yoxdur, hətta buna icazə də var:
"Bələdiyyələr təsisçi ola bilər, birgə müəssisələrin yaradılmasına, hətta bələdiyyənin tabeliyində müəssisələrin olmasına qanun qadağa qoymur. Əksinə bunun üçün bütün imkanlar var. Sadəcə bunun effektivliyi çox aşağı olduğundan geniş yayıldığının şahidi olmamışıq, bu da ümumi biznes mühitinin problemidir.
Fərqi nədir ki, müəssisənin təsisçisi özəl şirkət olsun, fiziki şəxs olsun və yaxud da bələdiyyə, əgər rəqabətlə bağlı problem varsa, vergi və gömrük siyasətinin müəyyən problemləri və fəsadları yaşanırsa, məmur biznesi varsa, mülkiyyətindən aslı olmayaraq biznes müəssisələrinin, istehsal müəssisələrinin fəaliyyətində əngəllər yaranır".
Ekspert düşünür ki, bu əngəllər bələdiyyələrin də təsis etdiyi müəssisələrə aid olduğundan, o populyarlıq qazanmadı:
“Sonda 22 illik bələdiyyəçilik var ölkədə, amma bələdiyyələrin təsis etdiyi müəssisələrin sayını barmaqla saymaq olar.
Ancaq bunun daha yaxşı təməllər üzərində olması, ayrıca bir qanunvericilik bazasının yaradılması, vergi güzəştlərinin tətbiqi gələcəkdə bələdiyyələrin özlərinin müəsssisə təsis etmək yolu ilə də əlavə vəsait qazanmasına imkanlar yaradacaq.
Amma burada əsas şərtlərdən biri şəffaflıqdır. Yəni bələdiyyənin təsis etdiyi müəssisə hesabına əldə olunan gəlirlərə kollektiv idarəçilik formasına nəzarət olunması, bələdiyyə məclisi qabağında müəssisələrin hesabatlı olması çox vacib amillərdən biridir".
Mənbə: Report.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay