Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8 faizdən çox artıb
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu il avqustun 1-nə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 748 309 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 208,4 min nəfər çoxdur. Təkcə 2021-ci ilin iyul ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 9 800-dən çox artım qeydə alınıb.
Nəticə etibarilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda əhəmiyyətli artım müşahidə olunur ki, bu da əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
Bu ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 milyard 218,2 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 % artıb, daxilolmalar üzrə proqnoz 110,8 % və ya 215,7 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % artaraq 1 milyard 386 milyon manat təşkil edib, proqnoz 113,8 % icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 76,4 milyon manat olub, proqnoz 110,5 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16 % artaraq 55,3 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9 % icra olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay