İcra hakimiyyətləri ləğv edilsin, 12 rayon yaradılsın – Təklif
Son bir ildə ölkədə ard-arda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində icra başçıları həbs edilsə də, bu, digər icra başçılarına dərs olmur. İki gün öncə də Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində icra başçısı Alimpaşa Məmmədov və onun birinci müavini, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimovun saxlanıldığı bildirilir.
Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki, Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun həbsi nə birinci, nə də sonuncu olacaq.
Onun sözlərinə görə, son bir ildə icra başçılarının həbs edilməsinə baxmayaraq, digər icra başçılarının yenə də özbaşınalıqlar etməsi onu göstərir ki, funksional olaraq icra hakimiyyəti institutu öz miladını doldurub:
“İcra hakimiyyətləri indiki dövrün tələblərini qarşılaya bilmir. Bildiyiniz kimi, son bir ildə kifayət qədər icra başçısı həbs edilib. Əlbəttə, saxlanılan icra başçıları günahkardır. Lakin hesab edirik ki, korrupsiyanın kökünü kəsmək üçün struktur islahatı qaçılmazdır.
Düşünürəm, Azərbaycan kimi kiçik bir ölkədə 80-nə yaxın inzibati ərazi vahidinin olmasına ehtiyac yoxdur. Bu, həm büdcəyə əlavə yükdür, həm də idarəetmənin effektivliyini aşağı salır. İndiki halda ən effektiv təklif mövcud rayonların 12 iqtisadi rayon ətrafında birləşməsidir.
Prezident regionlara birbaşa öz şəxsi nümayəndəsini təyin etməlidir. Həmin bu şəxslər regionlarda qanunvericiliyin təmin edilməsində yaranan problemlərlə məşğul olmalıdırlar. Təsərrüfat fəaliyyətləri ilə isə yerli özünüidarəetmə orqanlarının nümayəndələri, merlər, qəsəbə sədrləri, kənd rəhbərləri və s. məşğul olmalıdır”.
Hüquqşünas Səməd Vəkilov isə bildirib ki, son bir il ərzində ölkə qanunlarına tabe olmayan, vətəndaşların hüquqlarını pozan icra başçılarının həbs edilməsi təqdirəlayiq hərəkətdir:
“Bununla belə qeyd etmək lazımdır ki, ayrı-ayrı rayonların icra başçılarının həbs edilməsi keyfiyyət dəyişikliyinə səbəb olmur. Hətta cənab Prezident tərəfindən təyin edilən gənc, Qərb təhsilli icra başçıları da xidmətdə olduğu rayonlarda kifayət qədər qanunsuzluqlara yol verir. Xüsusilə də vətəndaşların qəbul prosesi, operativlik, problemin dəqiq həlli kimi məsələlərdə hələ də ciddi problemlər mövcuddur.
Əlbəttə, həbslərin, qanunsuzluqlara qarşı hüquq-mühafizə orqanlarının iradə ortaya qoymasının təsiri var. Lakin arzuladığımız səviyyədə deyil. Bildiyiniz kimi, hazırda əksər dövlət qurumlarında ictimai şuralar fəaliyyət göstərir. Düşünürəm, icra hakimiyyəti orqanlarında da ictimai şuralar fəaliyyət göstərməlidir. Həmin bu ictimai şuralarda rayon ağsaqqalları, ictimai fəallar iştirak etməlidir. Onu da deyim ki, bu şuralar icra hakimiyyətinin fəaliyyətini tərifləmək üçün deyil, əksinə, onların mövcud problemlərini dilə gətirmək üçün olmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay