Yeni işə başlayan kiçik sahibkarlar üçün hansı güzəştlər var? - AÇIQLAMA
Ölkədə mikro və kiçik sahibkarlıq fəaliyyətinin təşviq edilməsi bu sahəyə marağı artırır. Xüsusilə, qadınlar kiçik dükan, gözəllik salonu, şirniyyat sexi açaraq öz bizneslərinə başlamağa həvəs göstərirlər. Pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər sahibkarların gəlirlərinə mənfi təsir göstərsə də, yeni başlanan kiçik bizneslərin sayı artır. İşə başlayanda isə obyektiv suallar yaranır.
Kiçik bir ətir dükani açmaq istəyən şəxs özü və 1 nəfər işçiyə görə nə qədər vergi və sosial sığorta haqı ödəməlidir?
Yeni işə başlayanlar üçün hansısa güzəştlər varmı?
Valyuta.az xəbər verir ki, bu və digər suallara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cavab verib.
Bildirilib ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Onlar sadələşdirilmiş vergi və ya gəlir vergisi ödəyicisi olmağı özləri seçə bilərlər.
Dükan açnaq istəyən fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2% dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür. Sahibkarlıq fəaliyyəti çərçivəsində malların (işlərin, xidmətlərin), habelə əmlakın təqdim olunması ilə məşğul olan və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər (Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilən gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20% dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin meyarlarına əsasən, illik gəliri 200 min manatdan aşağı olan hüquqi və ya fiziki şəxslər mikro sahibkarlıq subyekti hesab olunur. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi vergidən azaddır. Gəlirin qalan hissəsindən isə 20% gəlir vergisi ödəməlidir. Nəticə etibari ilə mikro sahibkarlıq subyekti əldə etdiyi ümumi gəlirdən 5% dərəcə ilə gəlir vergisi ödəməlidir.
Dövlət Vergi Xidmətindən onu da bildiriblər ki, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hər ay ölkə üzrə müəyyən olunan minimum aylıq əmək haqqının (250 manat) 25 faizi miqdarında məcburi sosial sığorta haqqı ödəməlidir. Bu məbləğ Bakı şəhərində 100% - yəni, 62,5 manat, Sumqayıt və Gəncə şəhərlərində 90% - 56,25 manat, digər şəhərlərdə 80% - 50 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60% - 37,5 manat, kənd yerlərində 50%-i – 31,25 manat təşkil edir.
Əgər sahibkar dükana işçi cəlb edərsə, muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisi və sosial sığorta haqlarını onun əməkhaqqından tutaraq ödəməlidir. 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergidən azaddır. 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% məbləğində müəyyən edilib.
Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3%-i, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10%-i miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22%, 200 manatdan yuxarı olan hissəsindən 15% dərəcə ilə sosial sığorta haqqı hesablanır.
Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5%-i həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5%-i həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.
Qeyd edək ki, bu ildən muzdlu işçilərin əməkhaqqından icbari tibbi sığorta haqqının tutulmasına başlanıb. Onun məbləği 2021-ci il üçün işçinin əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% həcmində müəyyən olunub.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay