230 milyon manatdan çox investisiya yatırılıb - 2 090 iş yeri yaradılacaq
Sentyabrın 19-da Dövlət başçısının Qarabağ iqtisadi rayonuna tarixi səfəri çərçivəsində Ağdam Sənaye Parkında bir sıra sənaye müəssisələrinin açılış mərasimi həyata keçirilib.
Valyuta.az-a bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Bildirilib ki, yeni müəssisələr Sənaye Parkında elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.
Bu sözügedən 6 müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyətə başlamış müəssisələrin sayı ümumilikdə 79-a çatıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektoru məhsullarının istehsalının artırılmasına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin işlə təmin edilməsinə mühüm töhfə verəcək, ən əsası isə Qarabağın sənaye potensialının bərpasına köməklik göstərəcək.
Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur. Qeyd edim ki, işəgötürmə prosesində əsasən Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilib.
Ağdam Sənaye Parkı son illərdə yaradılmasına baxmayaraq rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən ümumilikdə sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Park 190 hektar ərazini əhatə edir. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, bunun nəticəsidir ki, artıq Parkın 60%-dən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay