Gələn il Ağdam Sənaye Parkında fəaliyyətə başlayacaq bir neçə müəssisənin adı açıqlandı
Hazırda Azərbaycanda mövcud sənaye zonalarında 71 müəssisə istehsal fəaliyyətinə başlayıb. 2024-cü ildə isə Ağdam Sənaye Parkında bir neçə müəssisənin, o cümlədən divar kağızları, ayaqqabı, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məlumatların istehsalını həyata keçirən “BAFCO Invest” MMC, “Metkons” MMC və “Mister Decor” MMC-lərin açılışı nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov deyib.
O bildirib ki, ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Balaxanı, Qaradağ, Pirallahı, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad, Şərur) fəaliyyət göstərir. İndiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 780 milyon manata yaxın investisiyanın yatırılması, 6400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
E.Ziyadov bildirib ki, sənaye zonalarında indiyədək ümumilikdə 11,1 milyard manatlıq məhsul istehsal edilib. Bunun 3,6 milyard manatlıq hissəsi ixrac olunub. Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31 faizdən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşür. Hesabat dövründə 2,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz (722,3 milyon manat) olub. Bu bir daha onu göstərir ki, sənaye zonaları qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. Ən əsası sənaye zonaları ölkənin idxaldan asılılığını aradan qaldırır (valyutanın ölkədən çıxmasının qarşısını alır), ixracı təşviq edir. Bu da öz növbəsində sənaye parklarından kənarda fəaliyyət göstərən müəssisələrə qarşı haqsız rəqabətin olmadığını göstərir.
Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 3 müəssisənin açılışı (1-keramik plitələrin; 2-qablaşdırma məhsullarının; 3- polimer qatqıların istehsalı müəssisələrinin), 2 müəssisənin isə (1-müxtəlif növ tikinti kimyəvilərinin; 2-sənaye qazlarının istehsalı müəssisələrinin) təməlqoyma mərasimi keçirilib. Sözügedən 3 müəssisənin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə, ümumilikdə isə ölkəmizdə mövcud sənaye zonalarında işləyən müəssisələrin sayı 71-ə çatıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək. Bu 3 müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-ə yaxın daimi iş yeri yaradılıb. Təməli qoyulmuş 2 müəssisə tərəfindən isə Sumqayıt Kimya Sənaye Parkına 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox isə daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.
“Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən və yeni fəaliyyətə başlayan sənaye müəssisələri istehsalın şaxələndirilməsinə və əlaqələndirilməsinə şərait yaradır. Belə ki, “Novus Plastica” MMC tərəfindən istehsal prosesində istifadə ediləcək xammallardan biri polimer olacaq ki, bu da Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən ödəniləcək. O cümlədən “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən keramik plitələr istehsalı zamanı xammal kimi yeni təməli qoyulan “Kartaş Kimya” MMC tərəfindən istehsal ediləcək müxtəlif tikinti kimyəvilərdən istifadə olunacaq. Bu növ istehsal müəssisələrinin qurulması sənaye parklarında klasterləşmənin yaranmasını sürətləndirəcək”, - deyə E.Ziyadov diqqətə çatdırıb.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay