“Şahdəniz” yatağına bu il çəkilən xərclərin həcmi açıqlanıb
Bu ilin ilk üç rübü ərzində “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən təxminən 1 mlrd. 738 mln. dollar əməliyyat xərcləri və təxminən 653 mln. dollar əsaslı xərclər çəkilib (ümumi – 2 mlrd. 391 mln.).
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatda bildirilib.
“Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.
Bildirilir ki, üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə (Bakı-Tbilisi-Ceyhan neft kəməri) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Məlumata görə, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 mlrd. standart kubmetr qaz və 3 mln. tondan çox (təqribən 27 mln. barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72,1 mln. (ildə təqribən 26,3 mlrd.) standart kubmetrdir.
“2023-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib”, - hesabatda bildirilir.
Bu cinahdan hasilatın başlanması üçün quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işləri tamamlanmışdır və hazırda bütün sistemin təhvil verilməsi üçün platformada aparılan istismar sınaqları davam edir.
Üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” qazma qurğusu SDF03z quyusunun tamamlama işlərini bitirmiş və SDF05 quyusunun tamamlama işlərinə başlanılıb.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay