Plastik qabların şüşə ilə əvəz olunması istiqamətində işlər aparılır - Nazirlik
Plastik su qablarının (PET butulkalarının) da gələcəkdə şüşə ilə əvəz olunması üçün istehsal müəssisələri qarşısında öhdəliklər müəyyən edilir.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekosiyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.
Onun sözlərinə görə, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün kompleks tədbirlər nəzərdə tutulur:
"Məhdudiyyətsiz istifadə etdiyimiz plastik qablaşdırmaların ətraf mühitdə günü-gündən artan tullantılarının azaldılması üçün bu məhsulların bəzilərinin istifadəsinin qadağan edilməsi, bəzi növlərinin onların alternativləri ilə əvəz olunması, yerdə qalan hissəsinin təkrar emala cəlb olunması ilə bağlı tədbirlər nəzərdə tutulur. Həmçinin, plastik su qablarının (PET butulkalarının) təkrar emalı sahəsində ixtisaslaşmış müəssisələrin dəstəklənməsi və onların potensialının artırılması əsas məqsədlərimizdən biridir".
Nazirliyin sektor müdiri xatırladıb ki, ilk addım olaraq yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietielen torbaların (pinqvinlərin), iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, satışı qadağan edilib:
"Bu qərar birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklərin əvəzində bioplastik, kağız, sellüloz və digər materialdan olan alternativlərin istehsalının və idxalının genişləndirilməsi üçün sahibkarlara dəstək tədbirlərindən biridir. Həmçinin marketlərdə polietilen torbalardan istifadənin azaldılması üçün beynəlxalq təcrübəyə uyğun bu torbaların alıcılara ödənişli təklif olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı qəbul edilib".
Mehman Nəbiyev onu da əlavə edib ki, ətraf mühitə təhdidləri nəzərə alaraq qəbul edilmiş qərarlarla yanaşı, maarifləndirmə tədbirləri də geniş olmalıdır ki, bu məhsullardan imtina edilsin, alternativlərə üstünlük verilsin:
"Hazırda sahibkarlar öz planlarını tələb-təklif üzərində qururlar. Gündəlik həyatımızda plastik qablaşdırmaları əvəz edən alternativ materialdan olan qablaşdırmalara üstünlük verməklə qəbul olunan bu qərarların əhəmiyyətini daha da artırmış olarıq. Bir daha qeyd etmək istəyirəm ki, tullantıların azaldılması üçün belə tullantıları yaradan məhsullardan daha az istifadə etmək (yəni onun bəzi növlərinin qadağan edilməsi), bu məhsullardan yenidən istifadə etmək (yəni çoxdəfəlik istifadə olunan növlərinə üstünlük vermək) və bu tullantıların təkrar emalını genişləndirmək vacibdir. Bu, tullantıların azaldılmasının “üç qızıl” qaydasıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay