Azərbaycanın ixrac etdiyi metallar BAHALAŞIR – İkiqat gəlir...
Son bir ildə azqiymətli metallar və onlardan hazırlanan məmulatların nəzərəçarpacaq dərəcədə bahalaşması Azərbaycanın metal ixracından əldə etdiyi gəlirin xeyli artmasına səbəb olub.
Belə ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində azqiymətli metalların ixracından gəlirimiz 28,78 milyon dollar olduğu halda, 2021-ci ilin eyni dövründə ixrac gəlirimiz 55,36 milyon dollara yüksəlib.
Azqiymətli metalların ixracının artmasında əsas rolu qiymət artımı oynayıb. Ölkəmizin ixracında azqiymətli metallardan alüminium, mis, qara metallar, qurğuşun böyük paya sahibdir.
Qeyd edilən dövrlərin müqayisəsi göstərir ki, alüminiumun bir tonunun qiyməti 1700 dollardan 2150 dollara, misin dəyəri 2570 dollardan 4000 dollara, qurğuşunun bir tonunun qiyməti 1800 dollardan 2050 dollara yüksəlib.
Bahalaşma hesabına mis satışının dəyəri 3,1 milyon dollardan 10 milyon dollara, alüminium satışının dəyəri 15,5 milyon dollardan 27,7 milyon dollara, qurğuşun ixracının dəyəri 1,55 milyon dollardan 2,25 milyon dollara qədər artıb.
Qara metalların dəyərində isə azalma olsa da, Azərbaycan ixrac miqdarını artırmaqla daha çox gəlir əldə edib. Belə ki, qara metal və ondan hazırlanan məmulatların orta qiyməti 2020-ci ilin yanvar-fevral dövründə 720 dollar olduğu halda ixrac dəyəri 8,38 milyon dollar, 2021-ci ilin yanvar-fevralında qiymətlər 600 dollara düşdüyü halda, ixrac dəyəri 14,64 milyon dollar olub.
2021-ci ilin mart və aprel aylarında da azqiymətli metalların əksəriyyəti bahalaşıb. Bugünə olan məlumata əsasən, illik müqayisədə qurğuşun 27 faiz, alüminium 62 faiz, mis 84 faiz bahalaşıb. Hazırkı qiymət səviyyəsi qalacağı təqdirdə Azərbaycan bu il metal ixracından daha çox qazanacaq. //Sfera
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay