Federasiya rəhbəri \"İronMaxx\" idman qidasına görə cərimələndi (FOTO)
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov gömrük qaydalarını pozduğu üçün 300 manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, federasiya rəhbərinin cərimələnməsinə səbəb Almaniyanın “İronMaxx ” şirkətinə məxsus idman qida məhsullarını Azərbaycana gətirdikdən sonra Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) tələb olunan icazə sənədini gömrük orqanına 45 gün ərzində təqdim etməməsi olub.
Araşdırma zamanı müəyyən edilib ki, Cəsarət Əhmədovun rəhbəri olduğu MMC-nin ünvanına Almaniyanın “İRONMAXX NUTRİTİON GMBH” şirkətindən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsilə birgə təqdim edilməli olan qida təhlükəsizliyi sertifikatı sənədi müəyyən edilmiş müddət ərzində gömrük orqanına təqdim edilməyib. Bununla da, MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməsi müddəti pozulub. Nəticədə MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Cəsarət Əhmədovun rəhbəri olduğu MMC 300 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, sözügedən qida məhsullarının Azərbaycana gətirilməsi və gömrük orqanlarından maneəsiz keçməsi üçün Milli Olimpiya Komitəsi tərəfindən 24 avqust 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinə Cəsarət Əhmədovla bağlı xahiş məktubu da ünvanlanıb.
Məktubda göstərilib ki, "idman sahəsində bir çox uğurlara imza atan Cəsarət Əhmədov artıq 6 ildir idmançıların keyfiyyətli sağlam qidalanmaları üçün ölkəyə Almaniyadan “İronMaxx” şirkətinin istehsal etdiyi idman qida əlavələrinin gətirilməsini həyata keçirir. “İronMaxx" idman qida əlavələri həm ölkə daxili yarışlarda, həm də dünya və Avropa çempionatlarına uğurla çıxış edən idmançılara böyük dəstək olur. Milli Olimpiya Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq, Qol Güləsi Federasiyasının prezidenti Cəsarət Əhmədova Almaniyadan onun adına göndərilmiş “İronMaxx” şirkətinin istehsal etdiyi idman qida əlavələrinin gömrükdən keçirilməsinə köməklik etməyinizi xahiş edir".
Qeyd edək ki, Azərbaycanda "İronMaxx" idman qidalarının rəsmi distrubitoru fəaliyyət göstərir. Mağazada 80-ə yaxın idman qidalarının 7-8 çeşiddə satışı həyata keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay