Bakıda 11 yeni tibb mərkəzi yaradılıb - SİYAHI
Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb.
Agentlikdən Valyuta.az-a verilən məlumata görə, aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib:
Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb.
Bundan başqa, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.
Tibb mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay