Əhali səhiyyə xidmətlərindən həddindən çox narazıdır - SORĞU
Həkimlərin əhaliyə göstərdikləri tibbi xidmətin keyfiyyətinə 21,8% respondent tam, 36,4% respondent qismən qane olduğunu, 34,4% respondent isə heç qane olmadığını bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən əhali arasında tibbi xidmətlərin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələrində bildirilib.
Qeyd edilib ki, yaş səviyyəsi artdıqca tibbi xidmətin keyfiyyətindən razılıq səviyyəsi aşağı enir.
“Məsələn, 18-25 yaşda olan iştirakçıların 90%-i bu və ya digər dərəcədə xidmətdən razıdırsa, 56 yaşdan yuxarı olanlar üçün bu göstərici 70%-ə enir. Ali təhsilli və aylıq gəliri 501 manatdan yüksək olan respondentlərin məmnuniyyəti digər müvafiq qruplara görə daha aşağıdır. Həkimlərin əhaliyə göstərdikləri tibbi xidmətin keyfiyyətindən razılığa görə Şəki-Zaqatala və Abşeron iqtisadi rayonları ilk sıralarda qərarlaşdığı halda, Quba-Xaçmaz iqtisadi rayonu son mövqedədir”.
“Müvafiq qurumlar tərəfindən səhiyyə sisteminin idarə olunmasının keyfiyyəti sizi nə dərəcədə qane edir?”, - sualına respondentlərin 13,5% tam, 38,4% qismən qane etdiyini, 38,5% heç qane etmədiyini, 9,7% isə cavab verməkdə çətinlik çəkdiyini bildirib:
“Bu sual üzrə 65 yaş yuxarı və 36-45 yaş arasındakı respondentlərin narazılığı digər yaş qruplarına nisbətdə daha yüksəkdir. Təhsil səviyyəsi və aylıq gəlir səviyyəsi yüksəldikcə razılıq səviyyəsi aşağı enir.
63,5% respondent icbari tibbi sığortanın tətbiqindən xəbəri olduğunu, 36,5% respondent isə xəbəri olmadığını bildirib. Bir qayda olaraq, yaş səviyyəsi yüksəldikcə məlumatlılıq səviyyəsi də paralel olaraq artır. Məsələn, 18-25 yaş qrupunda olanların 45.8%-nin aprelin 1-indən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanması barədə xəbəri varsa, 56-65 yaş arasında olanlar üçün bu göstərici 73.6% təşkil edir. Ali təhsillilərin 81%-i, orta təhsillilərin isə 52.3%-i bu barədə məlumatlıdır”.
Vurğulanır ki, kişilərin 71.7%-nin, qadınların isə 56.5%-nin icbari tibbi sığortanın tətbiqi barədə xəbəri var:
“Ən yüksək məlumatlılıq səviyyəsi Aran iqtisadi rayonu (70%), Bakı şəhəri (67.7%) və Şəki-Zaqatala iqtisadi rayonu (65.1%) üzrə müşahidə edilib. Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında bu göstərici 55% ətrafındadır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay