BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54772

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib.

Prezident və birinci xanım Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gücündə olan "Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
 
***
İlham Əliyev və Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

***
Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

***

Prezident və birinci xanım sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Dövlət başçısı Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

***

İlham Əliyev və Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Eyni zamanda, dövlətimizin başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

***

Prezident və birinci xanım sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
 

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Kəlbəcərdə yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində qələbədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

Bildirilib ki, “Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kiber təhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.

Bu stansiyanın layihəsi "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Aparılan işlərdə yerli mütəxəssislərlə yanaşı, Avstriya və İtaliya şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.

Prezident İlham Əliyev “Yuxarı Vəng” Su Elektrik Stansiyasını işə salıb.

Bildirilib ki, “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "Yuxarı Vəng" SES "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, ölkədə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma abidə haqqında məlumat verdi.

Bildirildi ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.

Qeyd olundu ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yolda artıq bir sıra işlər tamamlanıb.

Məlumat verildi ki, yolun 34,9-35,4 kilometrliyindəki tunelin uzunluğu 500, hərəkət hissəsinin eni isə 8 metrdir.

Layihə üzrə yolboyu ümumi uzunluğu 2968 metr olan 6 qovşaq yenidən qurulub. Ümumi uzunluğu 5600 metr olan 36 bağlantı yolunun tikintisi də icra edilməkdədir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun hazır olan 15,2 kilometrlik hissəsində görülən işlərlə bağlı da məlumat verildi.

Diqqətə çatdırıldı ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.

Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.

Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək.

Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.

Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cu ildə fəaliyyətə başlayıb.

Kəlbəcər işğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərirdi. Bunlardan əlavə rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdən kənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Dövlət başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlət başçısı inzibati binanın təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verildi.

Bildirildi ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır.

Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

Diqqətə çatdırıldı ki, ikinci mərhələdə isə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdi.

Bildirildi ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

Qeyd edək ki, 1976-ci ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

Prezident İlham Əliyev zavodu işə saldı.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin, torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış oldular.

Bildirilib ki, “İstisu” mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksək keyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su “İstisu” - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

“İstisu” təbii mineral su, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216–2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

Qeyd edək ki, “İstisu” mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksək keyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

"Report" xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir.

Cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu və COP29-a ev sahibliyi edəcək Azərbaycanın Kəlbəcər rayonunda “AzərEnerji” ASC tərəfindən 4,3 meqavat gücündə “Zar”, Göygöl rayonunda isə 4,1 meqavat gücündə "Toğanalı" Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiberoptik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub.

Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün “AzərEnerji” tərəfindən Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Bu məqsədlə, çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.

“Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək “yaşıl” enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Sonra “Zar” və “Toğanalı” KSES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarx nümayiş olundu.

Prezident İlham Əliyev stansiyaları işə saldı.

Qeyd edək ki, “Zar” və “Toğanalı” stansiyalarının istismara verilməsi enerjisistemdə “yaşıl” enerjinin davamlı artırılması missiyasına töhfə olmaqla yanaşı, ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm əhəmiyyətə malikdir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, “yaşıl” enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerjisisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Bu, həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm bir addımdır.

Eyni zamanda, diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri “yaşıl” enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən “Azərenerji” ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu su elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Həmin stansiyalarda ümumilikdə 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, regiondakı SES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı ortalama 1,2 milyard kilovat-saat təşkil edirsə, Qarabağ və Şərqi Zəngəzurda bu həcm 50 faiz daha çoxdur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

“Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluğunun müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluğunun, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə “İstisu” yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35/10 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq. Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

Dövlətimizin başçısına qəsəbə barədə məlumat verildi.

Bildirildi ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.

İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.

Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin