Prezidentlər Çindən Bakıya konteyner qatarının gəlişini videobağlantı ilə izlədi (YENİLƏNİB)
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Valyuta.az xəbər verir ki, tədbirin aparıcısı dedi:
- Möhtərəm Kasım-Jomart Kemeleviç.
Möhtərəm İlham Heydər oğlu.
Bu gün Sian şəhərinin Qazaxıstan-Çin terminalından birinci konteyner qatarını qarşılayırıq. Qatar Bakı şəhərinədək məsafəni on bir günə qət edib. Diqqət yetirməyinizi xahiş edirəm.
Sonra qatarın gəlməsinə dair videokadrlar nümayiş etdirildi.
Qeyd edək ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.
Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.
Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.
Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib.
Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir.
Aparıcı: Qatar gəldi. İcazə verin, mərasimə başlayaq.
Prezident İlham Əliyev dedi:
- Bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik etmək istəyirəm. Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir.
Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar.
Bir daha Qazaxıstan və Azərbaycanı, həmçinin Çindəki tərəfdaşlarımızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Qatarın yolu açıq olsun.
x x x
Prezident Kasım-Jomart Tokayev dedi:
-Hörmətli həmkarlar, sizin hamınızı böyük əhəmiyyətə malik olan bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik etmək istərdim. Əslində, Avrasiya kontinenti nəqliyyat-logistika karkası formalaşıb. Hesab edirəm ki, bugünkü tədbir Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacaq. Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində, əlbəttə ki, nəqliyyat-logistika üzrə tərəfdaşdırlar. Bu gün danışıqlar əsnasında məhz təkcə bizim ölkələri deyil, həm də yaxınlıqdakı bir çox dövlətləri birləşdirən bu sahədən çox bəhs etdik.
Fürsətdən istifadə edərək, xoş niyyətə və əməkdaşlığa görə Çin Xalq Respublikasının hökumətinə minnətdarlığımı ifadə etmək istərdim. Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin sözlərinə qoşuluram.
16.52
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Valyuta.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli Kasım-Jomart Kemeleviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Biz indi çox maraqlı söhbət etdik, gündəliyin ikitərəfli və regional problematikası üzrə bir çox məsələləri müzakirə etdik. İndi Dövlətlərarası Şuranın birinci iclasına başlayırıq. Şuranın yaradılması qərarı özlüyündə tarixidir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Hesab edirik ki, səfərin nəticələri və Dövlətlərarası Şuranın iclası bir çox hallarda münasibətlərimizin gələcək gündəliyini müəyyən edəcək.
Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir.
Qazaxıstanın uğurları bizi sevindirir. Sizi və bütün qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik.
Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.
Həmçinin bizi birləşdirən layihələrdən də ətraflı danışdıq. Mən Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürümü bildirdim. Sabah biz dostluğumuzun da mərkəzi olacaq bu Mərkəzin açılışını edəcəyik.
Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir.
Bugünkü gündəliyimizdə çoxlu mövzular var. Nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, humanitar əməkdaşlıq sahələrində məsələləri aydınlaşdırmaq üçün nümayəndə heyətinin üzvlərinə söz verəcəyik. Bütün istiqamətlər üzrə işlər uğurla aparılır. Bu yaxınlarda Astanada keçirilmiş Hökumətlərarası Komissiyanın iclası Sizin dövlət səfərinizə hazırlıq xarakteri daşıyırdı. Bu səfəri məzmunca zənginləşdirmək və sonradan onların reallaşdırılmasına nəzarəti asanlaşdırmaq üçün ona çox ciddi hazırlaşırdıq. Zənnimcə, biz müvafiq tapşırıqlar verəcəyik və razılaşmalarımızın necə həyata keçirilməsi haqqında müntəzəm məlumat alacağıq.
Hörmətli Kasım-Jomart Kemeleviç, bir daha xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam.
x x x
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:
- İlham Heydər oğlu, Qazaxıstanın ünvanına xoş sözlər söylədiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə, istərdim ki, bizə göstərilən qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirim və fürsətdən istifadə edərək, Sizi prezident seçkilərində çox böyük inamlı qələbə münasibətilə bir daha təbrik edim. Bu qələbə yüksək etimadın, Sizin strateji kursunuza ümumxalq dəstəyinin göstəricisidir. Siz Azərbaycan xalqının hər kəs tərəfindən qəbul olunan liderisiniz və Sizi beynəlxalq arenada məhz bu cür qəbul edirlər.
Eyni zamanda, Sizin də doğru qeyd etdiyiniz kimi, Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevinirik. Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq.
Qazaxıstan-Azərbaycan münasibətlərinə gəldikdə, biz ilk dəfədir ki, Ali Dövlətlərarası Şuranın iclasını keçiririk. Ümumilikdə, bu da tarixi hadisədir. Elə indicə biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar.
Əməkdaşlığın və qarşılıqlı fəaliyyətin, təmasların səviyyəsi kifayət qədər yüksəkdir. Bu gün Sizin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, Mərkəzi Asiya Dövlətləri liderlərinin Məşvərət görüşündə iştirakınızın nəzərdə tutulduğu və ya planlaşdırıldığı barədə danışdıq.
Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyimlə bağlı dəvəti böyük ümidlə və minnətdarlıqla qəbul edirəm. Əlbəttə, COP29 sammiti – bu da ümumilikdə Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Biz Dubayda keçirilən COP28 sammitində iştirak etdik və gördük ki, bu, həqiqətən çox mühüm forumdur. Sevinirik ki, belə mühüm qlobal forumun keçirilməsi məkanı qismində məhz Bakı seçilib.
Biz Qazaxıstanın və Azərbaycanın Xəzər dənizi üzrə qonşu dövlətlər olması və bunun, təbii ki, qarşılıqlı münasibətlərimizə xüsusi xarakter verməsi barədə danışdıq. 2020-ci ildən Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi beş dəfə artıb. Əlbəttə, mütləq rəqəmlər o qədər də böyük təəssürat yaratmaya bilər. Bu sahədə işlər davam etdirilməlidir. Ölkələrimiz böyük iqtisadi potensiala malikdir və düşünürəm ki, növbəti uğurlar çox da uzaqda deyil. Biz bu gün nəqliyyat və logistikadan tutmuş rəqəmsallaşma məsələlərinə qədər, hələ neft və qaz və digərlərini demirəm, müxtəlif məsələlərdən danışdıq.
Məmnunam ki, biz beynəlxalq arenada da uğurla əməkdaşlıq edirik. İstər Birləşmiş Millətlər Təşkilatında, yaxud başqa beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz uğurlu qarşılıqlı fəaliyyət göstərirlər. Zənnimcə, bu xətt davam edəcəkdir.
Müqəddəs şəhərlər olan Türküstan və Şuşa, həmçinin Uralsk və Mingəçevir, Şımkent və Gəncə arasında qardaşlıq münasibətlərini müsbət nöqteyi-nəzərdən qeyd etmək istəyirəm.
Ümumilikdə, mən ölkələrimiz arasında mədəni əlaqələrə də böyük diqqət yetirirəm. Bu, xalqlarımızın yaxınlaşması nöqteyi-nəzərindən olduqca vacibdir. Sumqayıt şəhərində Axmet Baytursınovun xatirəsinin əbədiləşdirilməsi və onun adına küçənin açılışı, Astanada Heydər Əliyevin adının əbədiləşdirilməsi də ölkələrimiz üçün əlamətdar oldu, təşəkkür edirik.
Ötən il Azərbaycanda Mədəniyyət Günləri böyük uğurla keçirildi və Sizin də dediyiniz kimi sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını edəcəyik. Bu da qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın rəmzi olacaq.
Daha, necə deyərlər, əlavə ediləcək heç nə yoxdur, çünki artıq həqiqətən də əməkdaşlığımızın gündəliyində mövcud olan bütün məsələlərdən danışdıq. Təklif edirəm ki, Şuranın iclasına başlayaq.
Prezident İlham Əliyev:
- Kasım-Jomart Kemeleviç, çox sağ olun. Gündəlikdə artıq bir neçə məsələmiz var. İqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar üzrə əməkdaşlıq, həmçinin mədəni-humanitar sahələrdə.
16.16
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Valyuta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzaladılar.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və Qazaxıstan Respublikasının “Damu” Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Qauxar Buribayeva “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti”nin direktoru Askar Umarov “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”u imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Qazaxıstan Respublikasının “KazMunayQaz” Milli Şirkəti”nin idarə heyətinin sədri Maqzum Mirzaqaliyev “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”u və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”i imzaladılar.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzaladılar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”nı imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Baqdat Musin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”i imzaladılar.
15.00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
14.34
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Valyuta.az xəbər verir ki, martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Hazırda İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış edirlər.
14.13
Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
13.31
Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın martın 11-də birinci iclası başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak edirlər.
13.11
Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında məhdud tərkibdə görüş keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
12.18
Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb.
Valyuta.az xəbər verir ki, martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü başlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay