Maliyyə Nazirliyi: "Rəqabət Məcəlləsi ilə bağlı sənəd hazırda nazirlikdə icraatda mövcud deyil"
“İnhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini özündə ehtiva edən Rəqabət Məcəlləsinin qəbul olunmasını Maliyyə Nazirliyi də digər dövlət orqanları kimi olduqca vacib hesab edir”.
Bu sözləri Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, ötən ilin avqust ayında razılaşdırılmaq üçün nazirliyə daxil olan Rəqabət Məcəlləsinin layihəsinə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış rəy və təklif elə həmin ay müvafiq dövlət orqanına təqdim olunub:
“Hazırda isə sözügedən sənədlə bağlı hər hansı dövlət qurumundan göndərilmiş sənəd Maliyyə Nazirliyində icraatda mövcud deyil”.
Qeyd edək ki, Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay