Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılır - FƏRMAN
Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb.
Valyuta.az-ın məlumatına görə, fərmana əsasən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılır.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Fərmana əsasən, idarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülməsi, qalan hissəsinin İdarənin sərəncamında qaldığı müəyyən edilir:
“İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır”.
İdarənin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
“Azərbaycan Prezidentinə - idarənin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarənin idarəetmə orqanlarının yaradılması həvalə edilir.
Həmçinin, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, idarənin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, idarənin ləğvi və yenidən təşkili və nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün İdarənin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi həvalə edilib”.
Sənədlə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinə aşağıdakı vəzifələr tapşırılıb:
“İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verəcək. İdarənin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarını təsdiq edəcək”.
İdarəyə də bu vəzifələr tapşırılıb:
“Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq edəcək. Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyəti sədrinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edəcək”.
Azərbaycan Nazirlər Kabinetinə bu vəzifələrin icrası həvalə edilib:
“Azərbaycan Prezidentinin aktlarını bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Nazirlər Kabinetinin normativ hüquqi aktlarını bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verəcək.
Həmçinin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İdarənin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün.
Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin, tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun üç ay müddətində İdarənin balansına verilməsini təmin etsin.
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
Sənəddə qeyd edilir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi İdarənin fəaliyyətinə nəzarəti həyata keçirsin:
“İdarə onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin”.
Azərbaycan Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin:
“İdarənin fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay