“Azəriqaz"-ın əməkdaşlarına ödəniş etməyin - RƏSMİ XƏBƏRDARLIQ
Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlunun və Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə məlumat yayıb.
Bu barədə “Azəriqaz"dan Valyuta.az-a verilən açıqlamada bildirilir ki, adları çəkilən şəxslər barəsində daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
“Aparılmış ilkin araşdırma zamanı R.Bağırovun M.Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb" - deyə qeyd edilib..
M.Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb:
“O, müalicə almasına baxmayaraq, BRQİD-nin xidməti ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni yerini dəyişdirib və Departamentin normal iş fəaliyyətinin təşkil olunmasına maneçilik törədib, eyni zamanda onun bu hərəkəti istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına səbəb olub. Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də 30.04.2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə M.Kərimovun heç bir təsdiqedici sənəd təqdim etmədiyini əsas gətirərək bu barədə həmin klinikaya rəsmi məktub göndərilib".
Bildirilir ki, M. Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz əməlləri barədə 21.04.2020-ci il tarixində Daxili İşlər Nazirliyi, Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də ünvanlanıb.
Açıqlamada vurğulanır ki, “Azəriqaz” ölkə ərazisində təbii qazın əhali və qeyri-əhali abonentlərinə bağlanmış müvafiq müqavilə əsasında satışını həyata keçirir:
"Qaz sərfiyyatına uyğun ödənişləri isə abonentlər onlayn portallar, ödəniş terminalları vasitəsilə, bank və poçt məntəqələrində həyata keçirməlidirlər. Bu ödənişlər İstehsalat Birliyinin əməkdaşlarına verilməməlidir. Biz hər hansı digər ödənişli xidmətin göstərilməsi ilə məşğul olmuruq".
Qurum vətəndaşlara bir daha xəbərdarlıq edərək bildirir ki, Birliyin adından hansısa bir xidmətin göstərilməsi (qaz çəkilişi, qaz xətlərinin yerinin dəyişdirilməsi və s.) ilə bağlı təkliflərə aldanmayın:
"Siz fərdi qazlaşma və ya digər hər hansı qaz təsərrüfatına dair görüləcək işlər üzrə xidmətləri xüsusi icazəsi olan (lisenziya) tikinti şirkətləri ilə müqavilə bağlamaqla həyata keçirə bilərsiniz. Bunun üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyiniz kifayətdir. “Azəriqaz” yalnız dövlət proqramları ilə nəzərdə tutulan yaşayış məntəqələrinin qazlaşdırılmasını, bir sıra sosial layihələr çərçivəsində görülən işləri (aztəminatlı ailələr, Vətən Müharibəsinin qazisi və şəhid ailələrinin müraciətləri), vətəndaş qruplarının müraciətləri əsasında küçə xətlərinin çəkilməsini və s. icra edir".
Göstərilir ki, dövlət proqramı dövlət büdcəsinin vəsaiti ilə, digər sosial təşəbbüslər isə qurumun daxili imkanları ilə reallaşdırılır. Hətta əhali abonentləri üçün istər dövlət proqramı, istərsə də fərdi qazlaşma zamanı qaz sayğacları da pulsuz olaraq təqdim edilir.
"Hörmətli abonentlər, ayrı-ayrı şəxslərin “Azəriqaz” adından dələduzluq əməlləri ilə qarşılaşdığınız halda 104/185 saylı “Çağrı Mərkəzi”nə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verməyiniz xahiş olunur" - deyə qurum sonda bəyan edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay