“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Süveyş kanalının alternatividir – İranlı səfir
“Süveyş kanalının bağlanması dünya iqtisadiyyatına 10 milyard dollardan çox ziyan vurduğu üçün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi alternativ variant kimi tez bir zamanda hazır olmalıdır”.
Valyuta.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
Onun sözlərinə görə, Asiyadan Avropaya yüklərin Süveyş kanalı ilə deyil, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsi ilə daşınması nəqliyyat xərclərini 30 faiz, yükün çatdırılma müddətini isə 20 gün azaldır.
“Süveyş kanalı ilə ildə 1 milyard ton yük daşınır ki, bu da gəmilərin günlərlə gözləməsinə və əlbəttə ki, vaxt itkisinə səbəb olur” – deyə səfir bildirib.
Diplomat nəzərə çatdırıb ki, bu günlərdə Süveyş kanalında baş verən insident alternativ nəqliyyat yollarından istifadəni gündəmə gətirib:
“Buna görə də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirak edən dövlətlər həyata keçiriləcək işləri tez bir zamanda başa çatdırmalıdırlar”.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulub. Hindistanın Mumbai limanından başlayaraq Qərbi Avropaya kimi uzanan dəhliz Azərbaycan ərazisindən də keçir. Cənub-Şərqi Asiya ölkələri yükləri gəmilərlə İranın Çabahar və Bəndər-Abbas limanlarına çatdırır. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiyadan keçərək Avropaya daşınır.
Hazırda bu dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. İran iqtisadi vəziyyətinin ağır olmasına baxmayaraq Rəşt-Astar dəmir yolu xəttini tezliklə yekunlaşdırmalıdır. Bu layihə İran, Azərbaycan və Rusiya üçün strateji əhəmiyyət daşıyır.
Xatırladaq ki, Yaponiyaya məxsus “Ever Given” konteyner daşıyan gəminin martın 23-də Süveyş kanalının dayaz sularında ilişib qalması ayrı-ayrı dövlətlər və şirkətlərlə yanaşı dünya iqtisadiyyatına da külli miqdarda ziyan vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay