
Obyekti icarəyə verənlərdən vergi necə tutulur? - AÇIQLAMA
Bir ildir davam edən pandemiya digər sahələrlə yanaşı əmlak bazarına da təsirsiz qalmayıb. Mütəxəssislərin açıqlamalarına əsasən, 2020-ci ilin sonuna evlərin kirayəsində 20 faizə qədər ucuzlaşma qeydə alınıb. Qapanmalar kommersiya obyeklərinin fəaliyyətinə də mənfi təsir edib. Onların bir çoxu icarə haqqını verə bilmədiyi üçün boşaldılıb. Yenidən icarə verilməsi isə çətinləşib. Çünki hələ də sərt karantin tədbirlərinin gözlənitisi davam edir. Bu səbəbdən yeni biznes qurmaq ofisini, dükanını dəyişmək istəyən şəxslər gözləmə mövqeyi seçiblər.
Kommersiya obyektlərinin icarə qiymətləri isə dəyişməyib. Əmlak sahibləri güzəştə getməkdə o qədər də maraqlı deyillər.
Bəs onların vergi öhdəlikləri necə müəyyən edilir? VÖEN-i olan və olmayan fiziki şəxslərin hesabatları hansı qaydada təqdim edilir?
Valyuta.az-ın suallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən cavab verilib. Bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı, yəni VÖEN almalıdır. Bu fəaliyyətdən əldə etdiyi gəlirdən vergini hesablamalıdır. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, fiziki şəxslər yaşadıqları ərazi üzrə vergi uçotuna alınır. Bunun üçün onlar "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Onu da deyək ki, vergi uçotuna alınmaq üçün vergi orqanına gəlmədən elektron qaydada da müraciət etmək mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Xatırladaq ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Ssahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla, daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay