
Kiçik sahibkarlar vergidən azad edilə bilərmi? – TƏKLİF
Xəbər verdiyimiz kimi, qonşu Türkiyədə elan edilən İqtisadi islahat paketi çərçivəsində aşağı gəlirli kiçik biznes subyektlərinin vergidən azad olması nəzərdə tutulur. Sənədə əsasən, təxminən 850 min mikro və kiçik biznesin gəlir vergisindən azad olunması, bəyannamə vermək öhdəliyinin də ləğv edilməsi gözlənilir.
Eyni zamanda Türkiyə Rəqəmsal Vergi Dairəsinin işə salınması, elektron vergi assistenti sisteminin istifadəyə verilməsi də gündəmdədir. Vergi yoxlamalarında standart və proqnozlaşdırılan modellərə keçiləcək. Mükəlləflərin uzunmüddətli yoxlamalardan qaynaqlanan çətinlikləri həll ediləcək.
Valyuta.Az xəbər verir ki, 2020-ci il ərzində qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı ümumilikdə 13% artıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, 2021-ci ilin yanvarın 1-i tarixinə onların ümumi sayı 1 milyon 217 min 972 olub. Onların 13%-i (155 435) hüquqi şəxslərin, 87%-i (1 062 537) fərdi sahibkarların payına düşür. Qeydiyyata alınan vergi ödəyicilərinin 127 min 517-si mikro, 7 min 282-si kiçik, 2 min 916-sı orta, 678-i isə iri sahibkarlıq subyektidir. Onlar əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayırlar.
Bəs Azərbaycanda mikro, kiçik sahibkarlıq subyektlərinin vergidən azad olunması mümkündürmü? Bu zaman büdcənin itkiləri necə qarşılana bilər?
Valyuta.Az-ın suallarına aydınlıq gətirən "Finance" Şəffaf Büdcə İctimai Birliyinin sədri Qaşqay İsmayıl bildirib ki, hazırda mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti nəticəsində dövlət büdcəsinə müəyyən vəsait daxil olur.
Onun sözlərinə görə, əgər onlar vergilər və digər rüsumlardan azada edilərsə, şübhəsiz ki, büdcədə itkilərə səbəb ola bilər:
“Kiçik və mikro sahibkarlıq subyektlərini simvolik olaraq dövriyyələrindən 1 faizlik həcmdə vergiyə cəlb etmək lazımdır. Onların fəaliyyətini asanlaşdırmaq, əl-qolunu açmaq məqsədilə eyni zamanda hesabatların və mühasibat uçotunun sadələşdirilməsinə ehtiyac var. Qanunvericilik qəliz olduğu üçün ona nəzarət tədbirləri də qəliz olur. Bu gün mikro və kiçik sahibkarlıq subyekləri üzərlərində hiss etdikləri çox ciddi nəzarət tədbirlərindən əziyyət çəkirlər”.
Q.İsmayıl qanunvericiliyin dəqiq icra edilməsi üçün bəzi mikro və kiçik sahibkarlıq subyektlərinin mühasib işə götürə bilmədiyini, bəzilərinin uçotu düzgün qura bilmədiyini vurğulayıb. Burada qanunvericiliyin çox qəliz olmasının da rol oynadığını qeyd edib:
“İri sahibkarlıq subyektlərinin gəliri çox olduğu üçün yaxşı mütəxəssisləri, mühasibləri işə cəlb edə bilir, qanunvericiliyin tələblərini anlamaqda və qanunvericilikdən irəli gələn problemlərin həll edilməsində çətinlik çəkmirlər. Mikro və kiçik sahibkarlıq subyektlərində isə belə imkanlar olmadığına görə bu sahədə problemlərlə qarşılaşırlar. Yaxşı mühasib üçün aylıq 1-3 min manat maaş verməlidi. Bəzi hallarda mikro və kiçik sahibkarlıq subyektlərinin isə aylıq dövriyyəsi heç 3 min manata çatmır. Bir sözlə, düşünürəm ki, mikro və kiçik sahibkarlıq subyeklərinin vergi yükünü azaldaraq onu daha gəlirli sahələrdə fəaliyyət göstərən orta və iri sahibkarlıq subyektlərinin hesabına əvəzləmək mümkündür”.
Həmin qrupun simvolik vergi ödəməsindən büdcənin itkilərini istisna etməyən Q.İsmayıl bunun qarşısını almaq üçün aksizli malların istehsalı, satışışı və idxalına vergi nəzarətini gücləndirməklə buradan toplanan vergilərin həcminin artırılmasını təklif edib. Həmin məhsulların uçotunun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb:
“Aksizli mallar maya dəyəri ucuz, satış qiyməti baha olan mallardır. O məhsullardan külli miqdarda gəlir əldə olunur. Ona görə də dövlət həmin mallara aksiz vergisi tətbiq edir ki, əldə edilən həmin gəlirin bir hissəsi dövlət büdcəsinə alınsın. Təklif edirəm ki, aksizli mallara tətbiq edilən vergilərin hesablanmasına və büdcəyə ödənilməsinə nəzarəti gücləndirib oradan büdcəyə daha çox vergilərin daxil olmasına nail olaq”.
Q.İsmayıl qeyd edib ki, hazırda aksizli mallardan 1 litrinin satış qiyməti 1 manat olan Aİ-92 benzinin qiymətinin təxminən yarısını, yəni, 50 qəpiyini dövlət büdcəsinə ödənilməli olan vergilər, bir litrinin satış qiyməti 80 qəpik olan dizel yanacağının qiymətinin isə təxminən 24 qəpiyi dövlət büdcəsinə ödənilməli olan vergilər təşkil edir:
“Aksiz vergisinə cəlb edilən yüksək gəlirli məhsullardan təkcə bu iki məhsul - dizel və Aİ-92 benzini vergiyə düzgün cəlb edilərsə və vergidən yayınmaların qarşısı alınarsa, ölkədə fəaliyyət göstərən bütün mikro və kiçik sahibkarlıq subyektlərini dövriyyəsindən simvolik olaraq 1 faiz həcmində vergi ödəmək şərti ilə digər vergi və rüsumlardan azad etmək mümkündür. Bu halda dövlət büdcəsi bu itkini əhəmiyyətli şəkildə hiss etməz və əvəzində mikro və kiçik sahibkarlığın inkişafına güclü stimul verməklə işsizlik probleminin həllində mühüm rol oynayar”.
Q.İsmayıl hesab edir ki, aksizli malların uçotunu təkmilləşdirərək vergiyə cəlb olunmasını şəffaflaşdırmaq vacibdir. Bu, təmin olunarsa, həmin sektordan büdcəyə külli miqdarda vəsait daxil ola bilər. Nəticədə mikro və kiçik sahibkarlıq subyeklərindən daxil olacaq vergiləri əvəzləməyə kifayət edər.
Xatırladaq ki, hazırda yalnız fərdi sahibkarlara mənfəət vergisi üzrə müəyyən güzəştlər verilib. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azad edilib.
Mikro sahibkarların bir qısmi isə əmlak vergisindən azaddır. Məcəllədə həmçinin, iqtisadi klasterlərə daxil olan mikro və kiçik sahibkarlıq subyektlərinə müəyyən vergi güzəştləri nəzərdə tutulub. Lakin hələki bu sahədə irəliləyiş yoxdur.
Zeynəb Vəkil
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay