
“Bakı Limanının ticarət dövriyyəsi 20% artıb”
“COVİD-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20% artıb. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub”.
Valyuta.az xəbər verir ki, bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə keçirdiyi onlayn görüşdə səsləndirib.
2020-ci ilin yekunlarına toxunan baş direktor bildirib ki, hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub: “Aşırılan konteynerlərin sayında isə 15% artım qeydə alınıb və TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2.8 dəfə artaraq 711.7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.
T.Ziyadov, cari ilin yanvarın 15-də Bakı Limanının Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzaladığını diqqətə çatdırıb: “Sənədə əsasən mərkəzdə ətraf mühit və əməyin təhlükəsizliyi, ticarət və əməliyyat proseslərinin təkmilləşdirilməsi, innovasiya və rəqəmsallaşdırma kimi mövzular üzrə təlimlərin keçirlməsi nəzərdə tutulub”.
Baş direktor Taleh Ziyadov qeyd olunan təlimlərin geniş sahələri əhatə etdiyini və #AMCHAM üzvlərini də adı çəkilən təlimlərə qatılmağa dəvət edib: “Təlimə qatılan şəxslər 5 gün ərzində Antverp və Şimal Dəniz Limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. “APEC Liman Təlim Mərkəzi” 1977-ci ildən etibarən fəaliyyət göstərən və dünya üzrə tannınmış bir mərkəzdir. Yarandığı gündən etibarən dünyanın bir çox ölkələrindən 15.000-dən çox şəxs APEC tərəfindən təşkil olunan peşəkar təlimlərdən bəhrələniblər”.
Baş direktor, Bakı Limanının yaxın 2 illik inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistik qovşaqları və daşıma şirkətləri ilə əldə olunan razılaşmalar, regionun nəqliyyat sahəsindəki yeniliklər barədə də auditoriyaya məlumat verib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay