Sosial şəbəkələrdəki şəxsi məlumatlarınız oğurlanarsa... - Qanun nə deyir?
Zaman-zaman sosial şəbəkələr vasitəsilə məlumatların oğurlanması, şəxsi fotoların, videoların yayılması halları ilə qarşılaşırıq. İstər ictimai şəxslər, istərsə də sadə vətəndaşlar bu problemlərlə qarşılaşa bilirlər. Bu cür hallardan şantaj üsulu kimi istifadə edənlər də az deyil.
Maraqlıdır, şəxsi məlumatların oğurlanması, icazəsiz yayılması qanunvericilikdə necə tənzimlənib?
Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Sfera.az-a açıqlamasında bildirib ki, şəxsi məlumatların yayılması ilə bağlı məlumatlar iki qrupa ayrılır:
"Biri ictimai şəxslərin , digəri isə sıravi vətəndaşların məlumatlarıdır. Adətən ictimai şəxslər, yəni cəmiyyət tərəfindən tanınan simalar barəsində məlumatı həm toplamaq, həm də yayılması ilə bağlı jurnalistlər, o cümlədən digər sahələrin nümayəndələri maraqlı olurlar. Onların hətta küçədə getdikləri yerdə şəkillərinin, videolarının çəkilib yayılması mümkündür və bu, istisna hal kimi qəbul olunmur. Qərb ölkələrinin təcrübəsində də həmin insanlar maraqlı şəxslər qrupuna aid olduqlarına görə, bu cür məlumatları xəbər portallarının dəyərli məlumatlar hissəsinə daxil edirlər”.
Vəkilin sözlərinə görə, sıravi şəxslərin fotolarının götürülməsi, hər hansı saxta hesab, profillər yaradaraq onlardan müəyyən məqsədlər üçün istifadə edilməsi, işgüzar nüfuzunun alçaldılması, eyni zamanda şəxsi adından istifadə etməklə gəlir əldə etməsi məsuliyyət yaradır:
"Burada şəxsi məlumatların özünü də iki qrupa bölmək olar. Birincisi, şəxsi məlumatların məqsədli istifadəsindən asılı olaraq. Yəni həmin məlumatları əldə etməklə hər hansı bir maraq güdən şəxslər ola bilər. Maraq güdmədən həmin məlumatları əldə etmək lazımdır. Eyni zamanda onu nüfuzdan salacaq, digər qapalı ola biləcək məlumatlara aid olan məlumatların yayılmasıdır. Bunlar da təbii ki, birmənalı olaraq qadağandır. Şəxsin şərəfi və ləyaqəti, işgüzar nüfuzu mülki hüquqla qorunan predmentlərə aiddir. Hər hansı təhqir, böhtan olmadan belə məlumatların yayılmasında əgər sui-istifadə hallarına yol verilibsə, bu zaman mülki icraat barəsində bu kateqoriyadan olan işlərə baxılır. Bəzən görürük ki, sosial şəbəkələr vasitəsilə nüfuzlu şəxslərin şəkillərindən istifadə edərək müxtəlif lotereya, mərc oyunlarının reklam çarxları həyata keçirilir. Təbii ki, bu məlumatların şikayət edilməsi, hətta aşkar olunarsa, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması mümkündür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay