"COVAX layihəsinin icrasında ədalətsizlik var"- Agentlik etiraz etdi
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə qeydi ilə razı deyil".
Bu barədə Valyuta.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumat verilib.
Məlumatda bildirilir ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub.
Agentlik bildirir ki, bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-nin tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.
"Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır.
Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.
Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-nin tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir.
COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib.
Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır"- deyə Agentliyin məlumatında bildirilir.
Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay