
"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi
"Google I/O 2025" konfransında çıxış edən "Google"un həmtəsisçisi Sergey Brin bir vaxtlar texnoloji inqilab kimi təqdim olunan "Google Glass" layihəsinin uğursuzluğunu açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, layihənin əsas problemi bahalı istehsal xərcləri və bunun nəticəsində yaranan yüksək satış qiyməti olub.
Valyuta.az xəbər verir ki, bu barədə "TechCrunch" nəşri məlumat yayıb.
Brin qeyd edib ki, 2013-cü ildə "Google Glass" istifadəyə veriləndə istehlakçı elektronikası təchizat zəncirləri ilə bağlı kifayət qədər biliklərə malik olmayıb və ağıllı eynəklərin münasib qiymətə hazırlanmasının çətinliyini düzgün qiymətləndirməyib. Buna baxmayaraq, o, ağıllı eynək form-faktoruna inamını qoruduğunu və "Google"un bu sahəyə yenidən maraq göstərməsindən məmnun olduğunu bildirib.
Brinin bu açıqlaması "Google"un "Android XR" bazasında yeni nəsil ağıllı eynəklərin hazırlanmasına dair planlarını elan etməsindən dərhal sonra verilib. "Google I/O 2025" tədbirində təqdim olunan prototip eynəklər, "DeepMind"in "Project Astra" sistemi ilə birlikdə işləyərək realtime nitq və mətn tərcüməsi, naviqasiya dəstəyi və süni intellekt köməkçisinə verilən sorğuların emalı kimi funksiyaları yerinə yetirə bilir.
Yeni layihə çərçivəsində "Google" "Samsung" və "Xreal" da daxil olmaqla bir neçə texnologiya tərəfdaşı ilə əməkdaşlıq edir. Bundan əlavə, şirkət "Warby Parker" eynək markası ilə 150 milyon dollarlıq investisiya müqaviləsi imzalayıb. Sergey Brin bu əməkdaşlıqların təchizat zəncirindəki problemlərin aradan qaldırılmasında mühüm rol oynayacağını bildirib.
Brin həmçinin vurğulayıb ki, bu gün generativ süni intellektin inkişafı, ağıllı eynəklərin imkanlarını "Google Glass" dövründən daha real və funksional edir.
Müsahibə zamanı Brin bildirib ki, o, faktiki olaraq təqaüddən qayıdıb və hazırda "Google"un "Gemini" layihəsi üzərində çalışır. O, demək olar ki, hər gün Kaliforniyadakı ofisdədir və "Veo 3" video generasiya modeli də daxil olmaqla, süni intellekt layihələrində komandalara dəstək verir. Brin sözlərini belə yekunlaşdırıb: "Bu gün hər bir kompüter alimi yalnız mövcud olmamalı, süni intellekt üzərində çalışmalıdır".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay