
Süni intellekt və 3D vizuallaşdırma: "Apple"ın "Matrix3D" texnologiyası nə vəd edir?
"Apple"ın hər il təşkil etdiyi inkişaf etdiricilər konfransı WWDC 2025-ci ildə də texnologiya dünyasında böyük maraq doğurmağa hazırlaşır. Bu tədbirdə "Apple"ın süni intellekt platforması "Apple Intelligence" təqdim edilməsinin üzərindən bir il keçmiş olacaq. Lakin bu müddətdə "ChatGPT" və "Google Gemini" kimi süni intellekt tətbiqlərinin təqdim etdiyi yüksək səviyyəli imkanlarla müqayisədə "Apple"ın indiki süni intellekt performansı hələ də gözləntiləri tam qarşılamır. Buna baxmayaraq, şirkət rəqabətdən geri qalmamaq üçün fəaliyyətini sürətləndirir.
Valyuta.az xəbər verir ki, hazırda "Apple" "Siri" vasitəsilə fərdi verilərə əsaslanan öyrənmə və tətbiqləri idarəetmə kimi funksional imkanlarla məhdudlaşdırılmış bir süni intellekt təcrübəsi təqdim edir. Bu sistemlər istifadəçilərin cihazlarındakı məlumatlardan öyrənə bilir, lakin rəqiblərinin təqdim etdiyi qabaqcıl dil və vizual emal bacarıqlarının gerisində qalır.
WWDC 2025 və Apple Intelligence 2.0 gözləntiləri
WWDC 2025 tədbirində təqdim olunacağı gözlənilən iOS 19, iPadOS 19 və macOS 16 yeniləmələri ilə yanaşı "Apple Intelligence 2.0"ın yeni xüsusiyyətləri də açıqlanacaq. Bu yeniliklər arasında ən çox diqqət çəkəni süni intellektin görüntüləri 3D modellərə çevirmə bacarığı olacaq.
"Apple" tədqiqatçıları Nanjin Universiteti və Honq Konq Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində "Matrix3D" adlı süni intellekt modelini inkişaf etdiriblər. Bu texnologiya cəmi üç statik fotoşəkildən istifadə etməklə üçölçülü səhnələr yaratmaq qabiliyyətinə malikdir. Sistem, görüntülərin analizinə əsaslanaraq kamera mövqeyini təyin edir, piksellərin dərinliyini hesablayır və istifadəçiyə müxtəlif baxış bucaqlarından görünə biləcək realistik 3D təsvirlər təqdim edir.
"Matrix3D" texnologiyasının potensialı
"Matrix3D" texnologiyası ilə əldə edilən nəticələr, "GitHub" platformasında paylaşılan nümunələrə əsasən, kino operatorlarının hərəkətlərini xatırladan, realistik 3D videolara bənzər səhnələr ortaya çıxarır. Bu texnologiyanın "Apple"ın proqram təminatı və tətbiqlərinə inteqrasiya olunması istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə zənginləşdirə bilər. Lakin bu yeniliyin geniş istifadəçilər üçün nə vaxt əlçatan olacağı və konkret olaraq hansı "Apple" məhsullarına inteqrasiya ediləcəyi hələ ki məlum deyil.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay