
AZIR indeksi yeni metodologiya əsasında hesablanacaq
2025-ci il mayın 15-dən etibarən banklararası təminatsız pul bazarında bençmark faiz dərəcəsi olan AZIR (Azerbaijan Interbank Rate) indeksi Mərkəzi Bank tərəfindən yeni və daha təkmilləşdirilmiş metodologiya ilə hesablanaraq dərc olunacaq.
Valyuta.az-a Mərkəzi Bankdan verilən məlumata görə, bu kontekstdə Mərkəzi Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində yeni metodologiyanı təsdiqləyib.
Ötən 2 ildə AZIR indekslərinin dinamikası aktiv banklararası təminatsız pul bazarının mövcudluğunu və bank sektorunda likvidliyin səmərəli idarə olunmasını göstərir. AZIR indeksi pul siyasətinin ötürücülüyünün monitorinqinin mühüm göstəricisi hesab olunur. Ötən müddətdə pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə dair qərarlar əsasən 1 günlük AZIR indeksinə əsaslanmaqla qəbul edilib. 2023-cü ilin noyabrından etibarən 1 günlük AZIR indeksi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dəhlizi daxilində idarə olunmuşdur ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndiyini nümayiş etdirir. Aparılmış təhlillər göstərir ki, AZIR indekslərinin dəyişimi depozit və kredit faizlərinə də təsir göstərməyə başlayıb. Bu o deməkdir ki, AZIR indeksinin maliyyə alətləri, o cümlədən kreditlər və istiqrazlar üçün istinad faiz dərəcəsi kimi istifadə olunmasının əsası qoyulub.
İndeksin əsassız kəskin dəyişkənliyinə imkan verməmək üçün yeni metodologiyada orta bazar faizlərindən kəskin fərqlənən faiz dərəcələri ilə bağlanılmış əqdlərin ən yüksək və ən aşağı faizlərlə bağlanılmış 10%-lik hissəsinin hesablamadan çıxarılması nəzərdə tutulur. Eləcə də, yeni qaydalarda tələb olunan həcmlərdə və sayda əməliyyatların olmadığı günlərdə də AZIR-in dərcinin davamlılığı üçün ehtiyat hesablama planları nəzərdə tutulub. AZIR-in dərcində fasilələrin aradan qaldırılmasına yönəlmiş dəyişikliklər AZIR-in istinad dərəcəsi kimi pul bazarının iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir. AZIR-in istinad faiz dərəcəsi rolunda çıxış etməsi yerli pul bazarının digər seqmentlərində faizlərin formalaşması baxımından da mühümdür. Yeni metodologiya ilə hesablanan AZIR indeksi Mərkəzi Bankın pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə ediləcəkdir.
Yeni qaydalar həm də müxtəlif müddətlər üzrə toplanan (compounded) faizli AZIR dərəcələrinin hesablanaraq açıqlanmasını nəzərdə tutur. Yeni metodologiyaya uyğun olaraq 30, 90 və 180 günlük dövr üzrə toplanan faizli AZIR dərəcələri müvafiq dövr ərzində açıqlanmış günlük AZIR-lərin əsasında hesablanacaq. Bu indekslər müvafiq olaraq ötən 30, 90, 180 günlük dövr ərzində gündəlik olaraq açıqlanmış faiz dərəcələri əsasında formalaşdığı üçün onların qeyd edilən ötən dövrlər üzrə AZIR-in orta dinamikasını xarakterizə edən statistik göstəricilər olduğu nəzərə alınmalıdır. Bunlardan əlavə, gündəlik açıqlanan AZIR dərəcəsi əsasında baza tarixi 01.11.2024-cü il olmaqla Toplanan Faizli Artan İndeksin də açıqlanması nəzərdə tutulur. Bu indeks bazar iştirakçılarına istənilən qeyri-standart istinad dövrü üçün toplanan faizli AZIR dərəcələrini hesablamağa imkan verəcəkdir.
Yeni yanaşma əsasında hesablanacaq AZIR dərəcəsi 2025-ci ilin may ayının 15-dən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay