"Dilerlər və mağazalardan başqa ölkəmizdə "ölüxanalar" da mövcuddur. "Ölüxanalar" daha çox yaşı ondan yuxarı olan avtomobillər üçündür. Yaşı az olan avtomobillər üçün insanlar yeni ehtiyat hissələri almağı daha üstün tuturlar. Hətta elə insanlar var ki, avtomobilinin yaşı ondan yuxarıdır, amma yeni ehtiyat hissəsi alır.
Düşünürəm ki, "ölüxana"lar bir müddətdən sonra tarixə qovuşacaq. Daha çox klassik avtomobillər üçün fəaliyyət göstərəcək. Avtomobil parkımız yeniləndikcə, köhnə maşınlar utilizasiya prosesinə getdikcə, artıq "ölüxana"lara da ehtiyacımız olmayacaq".
"İnsanlara orijinal adı ilə saxta məhsul satırlar"
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, avtomobil ehtiyat hissələrinin idxalı artsa da, burada aldanmaq da mümkündür:
"Ölkəmizə bir neçə formada ehtiyat hissələri gətirilir. Bu ehtiyat hissələri orijinal, orta, zəif olaraq kateqoriyalara bölünürlər. Bir çox hallarda sürücülər aldadılır. Məsələn, orijinal adı ilə insanlara saxta məhsullar satırlar. Hətta qablaşdırması belə orijinalından fərqlənmir. Burada ehtiyat hissələrini gətirən sahibkarlardan da çox şey asılıdır. Elə işbazlar var ki, qəsdən daha keyfiyyətsiz və ucuz məhsullar sifariş edirlər. Orijinal ehtiyat hissəsi 400-500 manatdırsa, saxtası 20-30 manata başa gəlir. Onlar da insanlara orijinal adı ilə ucuzunu satırlar. Bunun da səbəbi daha çox ehtiyat hissəsi satmaq hərisliyindən irəli gəlir. Bu kimi hallar hətta məşhur firmalarda da ola bilir".
Köhnəsi daha etibarlıdır?
A.Nəbiyevin fikrincə, bəzi ehtiyat hissələri var ki, onları ikinci əl almaq insanlara daha çox sərf edir:
"Mağazalardan və yaxud "ölüxana"dan ehtiyat hissəsi əldə etmək əsasən insanların büdcələrinə görə olur. Kimin imkanı çatırsa, orijinal məhsula, kimin imkanı zəifdirsə, ikinci ələ müraciət edir. "Ölüxana"larda ehtiyat hissələri adətən xaricdən gələn avtomobillərin üzərindən sökülərək satılır. Yəni, elə orijinal məhsul hesab edilə bilər. Daha az istifadə olunmuş avtomobildən sökülmüş ehtiyat hissəsini uzun müddət istifadə etmək mümkündür. Hətta demək olar ki, yeni adı ilə aldığımız ehtiyat hissələrindən də davamlı olur. Yeni adı ilə aldıqlarımıza isə tam etibar edə bilmirik. Bəzi elektronika ehtiyat hissələrinə isə ümumiyyətlə zəmanət verilmir. Məhsulu maşına quraşdırdıqdan sonra işləmədikdə qaytarmaq da mümkün olmur".
"Çin avtomobillərinin ehtiyat hissələri çox azdır"
Ekspert ölkəmizdə yeni fəaliyyət başlayan avtomobil markalarının ehtiyat hissələri məsələsinə də toxundu:
"Çin avtomobillərinin ehtiyat hissələri hələ ki, çox azdır. O səbəbdən də Çin avtomobilləri qəza etdikdə sürücülər aylarla gözləməli olur ki, ehtiyat hissələri idxal edilsin. "Ölüxana"larda isə hələ ki, Çin maşınlarının ehtiyat hissələrini tapmaq çətin məsələdir. Çünki həmin avtomobillər yenidir".
Xanım sürücülər daha çox aldadılır
A.Nəbiyev sürücülərə məsləhət gördü ki, aldanmamaq üçün tanıdıqları maşın ustalarına müraciət etsinlər:
"Çünki onlar ehtiyat hissələrini sürücülərdən daha yaxşı tanıyırlar. Ustasız özbaşına aldıqda isə çox zaman aldadıla bilirik. Xüsusən də xanım sürücülərdə bu hal daha çox müşahidə edilir. Onların maşınlardan çox da anlayışı olmadığı üçün işbazlar rahatlıqla saxta məhsulları satmağa çalışırlar".
Yeni sürücülərə məsləhət
Ekspertin fikrincə, rəsmi servis mərkəzləri hər bir halda daha güvənlidir: "Amma kim ki, hələ ustalarla əlaqə yaratmayıb, sürücülükdə yenidir, tanıdığı biri yoxdursa, həmin şəxslər avtomobillərin rəsmi servis mərkəzlərinə üz tutsunlar. Servisdə avtomobil təmiri daha bahadır, amma vətəndaşları aldatmırlar. Onların təqdim etdikləri məhsulların keyfiyyəti digərlərindən daha yüksək olur. Gördükləri işə zəmanət də verirlər. Vətəndaş da bilir ki, dəyişdiyi ehtiyat hissəsini uzun müddət istifadə edə biləcək".