
İnnovasiya və Təchizat Mərkəzi 2 ayda 3 dəfə eyni şirkətə sifariş verdi - 68 milyonluq müqavilə
“Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması ilə bağlı elan olunan layihənin qalibi bəlli olub.
Valyuta.az xəbər verir ki, bu layihə üzrə qalib seçilən şirkət "Avromed Company" QSC-dir.
"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsin elan etdiyi və artıq tamamlanan tenderin ümumi məbləği 51 milyon 214 min 262,83 manat təşkil edib.
Araşdırmalara əsasən, "İnnovasiya və Təchizat Mərkəzi" ilə "Avromed Company" QSC arasında cari ildə 3 müqavilə bağlanıb. Onlardan ikisi mart ayında imzalanıb. Bu müqavilələrdən biri “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınmasına dair 16 milyon 333 min 897 manat, digəri isə “Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınmasına dair 803 min 698 manat dəyərində olub.
Beləliklə, cəmi iki ay ərzində adıçəkilən iki qurum arasında bağlanan müqavilələrin ümumi dəyəri 68 milyon 351 min 858 manata çatıb.
Qeyd edək ki, "Avromed Company" QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Nizamnamə kapitalı 57 000 manat olan şirkət 2007-ci ilin avqustunda dövlət qeydiyyatına alınıb.
Məlumata görə, "Avromed Company" uzun illər deputat Cavanşir Feyziyevin şirkəti kimi tanınıb. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışıb, sonradan vəzifəsindən ayrılıb.
Araşdırmaya görə, İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay