
Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər
"AkiraBot" adlı yeni spam-bot süni intellekt imkanlarından istifadə edərək, dünya üzrə on minlərlə veb-resursa yönəldilmiş genişmiqyaslı spam kampaniyası həyata keçirib.
Valyuta.az "PCMag" nəşrinə istinadən xəbər verir ki, bu barədə "SentinelOne" kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri bildirib.
Ekspertlər müəyyən ediblər ki, kiber-dələduzlar "OpenAI" API vasitəsilə GPT-4o-mini modelinə müraciət edərək fərdiləşdirilmiş spam şərhlər yaradıblar. Bu mesajlar uydurma SEO xidmətlərini reklam edir və mətnlərin müxtəlifliyi sayəsində klassik filtrləri asanlıqla keçə bilib.
"SentinelOne"un hesabatına görə, hücumdan azı 80 000 sayt zərər çəkib. Əsas hədəf "Shopify", "GoDaddy", "Wix" və "Squarespace" kimi populyar e-ticarət platformalarından istifadə edən kiçik və orta bizneslər olub.
"AkiraBot" "OpenAI"yə faydalı marketinq köməkçisi kimi davranan sorğular göndərərək, hər bir saytın mövzusuna uyğun unikal spam mətnləri yaradıb - tikinti şirkətlərindən tutmuş gözəllik salonlarına qədər. Bot bu mesajları saytların müxtəlif bölmələrində - o cümlədən çatlardakı və geribildirim formalarındakı mesaj yerlərində yerləşdirərək, sayt sahiblərini SEO xidmətləri almağa təşviq etməyə çalışıb. Daha sonralar "AkiraBot" spam yaymaq üçün müasir saytların tez-tez istifadə etdiyi onlayn çat vidcetlərindən də istifadə etməyə başlayıb.
Araşdırma zamanı məlum olub ki, "AkiraBot" spam mesajları elə formada yerləşdirib ki, onlar axtarış sistemləri tərəfindən indekslənə bilib, bu da reklamın daha geniş auditoriyaya çatmasına səbəb olub. Bu spam-bot ilk dəfə 2024-cü ilin sentyabrında müşahidə edilib və "Akira" adlı məşhur fidyə proqramı qrupuna heç bir bağlılığı yoxdur.
CAPTCHA qorunmasını keçmək və şəbəkə fəaliyyətini gizlətmək üçün "AkiraBot proxy" xidmətlərindən istifadə edib. Hadisəyə cavab olaraq "OpenAI" istifadə edilmiş API açarını bloklayıb və təhqiqat başladıldığını açıqlayıb. Şirkət bu hücumla bağlı bütün aktivlərin söndürüləcəyini və bu cür sui-istifadələrə qarşı ciddi yanaşdığını, aşkarlama sistemlərinin daim təkmilləşdirildiyini bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay