
Stiv Cobsun xəyalı gerçək olur? - Məşhur "üçüncü cihaz"ın sonu yaxınlaşır
Stiv Cobs ilk "iPad"i təqdim edərkən onu "üçüncü cihaz kateqoriyası" kimi təsvir etmişdi. Bu cihaz bəzi işləri noutbuk və ya smartfondan daha yaxşı yerinə yetirə bilirdi. Bəs qatlanan "iPhone"lar həm telefon, həm də "iPad" funksiyalarını özündə birləşdirdikdə, bu "üçüncü cihaz" kateqoriyası yox olacaqmı?
"Apple"ın ilk qatlanan "iPhone" modeli ilə bağlı müzakirələr son zamanlar artıb. Xüsusilə "iPad mini"yə bənzər təcrübə təqdim edəcək bir "iPhone Fold" fikri maraq doğurur.
Valyuta.az xəbər verir ki, "9TO5Mac" yazarı illərlə sevərək istifadə etdiyi "iPad mini"dən, on il əvvəl "iPad Pro"nu əsas cihazı kimi qəbul etdikdən sonra uzaqlaşdığını bildirir. Mövcud 13 düymlük "iPad Pro"nu daim klaviatura ilə istifadə etdiyi üçün planşet funksiyalarından tam yararlana bilmədiyini qeyd edən yazar, kiçik "iPad mini"nin bəzi üstünlüklərini darıxdığını vurğulayır.
Bu vəziyyət Stiv Cobsun 2010-cu ildə "iPad"i təqdim edərkən irəli sürdüyü əsas fikrə bənzəyir. O zaman Stiv Cobs smartfon və noutbuk arasında bir boşluq olduğunu və bu boşluğu "iPad"in doldura biləcəyini söyləmişdi. Səhnədə o, "iPad"in bəzi tapşırıqları "iPhone" və "Mac"dan daha yaxşı yerinə yetirdiyini nümayiş etdirmişdi. Məsələn, yüngül internet sörfinqi, video izləmə və e-poçt yoxlama kimi işlər üçün ideal hesab olunurdu. Stiv Cobsun məntiqinə görə, əgər "üçüncü cihaz" olacaqsa, bu, müəyyən tapşırıqlarda həm noutbukdan, həm də smartfondan daha yaxşı olmalı idi, əks halda mövcudluğunun heç bir mənası qalmırdı.
İllər keçdikcə bir çox insan "iPad"in "varlıq səbəbini" sorğulayıb. Bəzi istifadəçilər "iPad"i əsas cihazları kimi qəbul edərkən, digərləri üçün o, daha çox əyləncə və sadə işlər üçün istifadə edilən bir qurğuya çevrildi. "iPhone"lar böyüdükcə və "Mac"lar daha nazik və güclü olduqca, "iPad" özünü fərqləndirmək üçün daha çox çalışmalı oldu. Və yaxın gələcəkdə bu mübarizə qatlanan "iPhone"larla daha da çətinləşə bilər.
İlk qatlanan "iPhone"un bazara çıxması "iPad"ın sonunu gətirə bilər. Lakin "iPad"ın yaxın gələcəkdə tamamilə yox olacağı gözlənilmir. Əvvəla, ilk "iPhone Fold"un hələ də spesifik bir məhsul olacağı düşünülür. Bəzi proqnozlara görə, 2 000 dollaradək yüksələcək yüksək qiymət etiketi, 349 dollarlıq "iPad"ın satışlarını davam etdirməsi üçün kifayət qədər imkan yaradacaq.
Bəs beş il sonra nə baş verəcək? Əgər qatlanan cihazlar uğurlu olarsa, "Apple" çox güman ki, daha geniş model çeşidi və daha cəlbedici qiymətlərlə bazara girəcək. Gələn il satışa çıxması gözlənilən "iPhone Fold"un 5,5 düymlük xarici ekrana və 7,8 düymlük daxili ekrana sahib olacağı bildirilir. Bu da o deməkdir ki, qatlanmış vəziyyətdə mövcud "iPhone"larla müqayisədə daha kiçik, açıldıqda isə "iPad mini"yə bənzər ölçüdə olacaq.
Lakin əvvəlki təcrübələr göstərir ki, istifadəçilər böyük ekranlı "iPhone"ları sevirlər. Növbəti illərdə "Apple"ın mövcud "iPhone" seriyasına əlavə olaraq, müxtəlif ölçülərdə və bəlkə də "iPad"larin yerini ala biləcək bir neçə qatlanan "iPhone" modeli təqdim etməsi təəccüblü olmayacaq.
Zamanla "iPad" ya daha niş və büdcəyə uyğun bir cihaz kimi mövcudluğunu davam etdirəcək, ya da ultra bahalı, böyük qatlanan versiyası ilə bazara çıxacaq. Lakin çoxları üçün "iPhone Fold"un təqdimatı ilə "iPad"ə ehtiyacın azalacağı gözlənilir.
Stiv Cobsun dövründə bu "üçüncü kateqoriya" cihazlarının əhəmiyyəti var idi. Lakin qatlanan smartfonlarla bu vəziyyət dəyişə bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay