
İqtisadiyyatın şaxələndirilməsini necə təmin etmək olar? - Deputat şərh edir
Uzun illərdir Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz sektorunun üzərində qurulub. Lakin dünya enerji bazarlarında neft qiymətinin dəyişkənliyi və qeyri-sabitliyi Azərbaycan iqtisadiyyatı üçün də müxtəlif risklər yaradır.
Bu səbəbdən Azərbaycan hökuməti iqtisadi şaxələndirmə siyasətini prioritet istiqamət kimi müəyyən edib. Bu siyasətin əsas məqsədi qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı daha dayanıqlı və rəqabətqabiliyyətli etməkdir.
Son illər qeyri-neft sektorunun inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilsə də, hələ də iqtisadiyyatın bir çox sahəsində problemlər qalır.
Bəs Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda Azərbaycanın qeyri-neft ixracatı 3,4 milyard dollardan çoxdur:
"Qeyri-neft sektorunun inkişaf etdirilməsi, bütünlükdə neftdən asılılığın minimumlaşdırılması Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Nəzərə alaq ki, son illər qeyri-neft ixracatıda artımlar müşahidə edirik. Xüsusən də artıq Azərbaycanın qeyri-neft ixracatı 3,4 milyarddan çoxdur. Amma bütün bunlarla yanaşı, hələ də ixracda daha çox neft və neft məhsulları üstünlük təşkil edir. Enerji ixracı Azərbaycanın ixracatında əsaslı paya malikdir. Bu baxımdan, 3 istiqamətdə - ixracatda qeyri-neft sektorunun payının artırılması, fiskal gəlirlərimizdə yəni, büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artırılması, eyni zamanda ümumilikdə neft sektorunun payının artılması əsas prioritetlərdəndir".
Vüqar Bayramov qeyd edib ki, bu gün Azərbaycanda ümumdaxili məhsulun 68 faizindən çoxu qeyri-neft sektorunun payına düşür:
"Fiskal gəlirlərimizin artıq yarıdan çoxu qeyri-neft sektorudur. Ona görə əsas prioritet ümimi ixracatda qeyri-neft sektorunun payının artırılmasıdır. Bu xüsusən də sənaye məhsullarının istehsalının genişləndirilməsi və ixracatın artılması ilə mümkündür. Bütün bunlar isə nəticə etibarı ilə daha çox sənaye məhsullarının ixrac edilməsinə imkan yarada bilər ki, bu da iqtisadiyyatın şaxələndirilməsi baxımından çox vacibdir".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay