
"BYD" 100 mlrd. dollardan çox satışla "Tesla"nı geridə qoydu
Çinin elektromobil istehsalçısı "BYD" 2024-cü ildə 777 mlrd. yuan (107 mlrd. dollar) gəlir əldə edərək illik satışlarda İlon Maskın "Tesla" şirkətini geridə qoyub.
Valyuta.Az "CNN"ə istinadla xəbər verir ki, bazar ertəsi təqdim olunan hesabatda "BYD" ötən illə müqayisədə satışlarının 29% artaraq 4,27 milyon avtomobil (tam elektrikli və hibrid modellər daxil olmaqla) çatdırdığını bildirib.
Müqayisə üçün, "Tesla" 2024-cü ildə 97,7 mlrd. dollar gəlir əldə edib və 1,79 milyon elektrikli avtomobil satıb. Şirkət üçün ötən il illik çatdırmalarda ilk dəfə olaraq 1,1% azalma qeydə alınıb.
"BYD" şirkətinin illik hesabatında baş direktor Van Çuanfu bildirib ki, ötən il şirkət “sürətli inkişaf” mərhələsi yaşayıb.
""BYD" akkumulyatorlar, elektronika və yeni enerji avtomobilləri də daxil olmaqla hər sahədə sənaye liderinə çevrilib, xarici markaların üstünlüyünü qıraraq qlobal bazarda yeni mənzərə formalaşdırıb", – deyə o qeyd edib.
"BYD" son illərdə elektromobil bazarında birinciliyi uzun müddət əldən verməyən "Tesla" ilə rəqabəti gücləndirib. 2023-cü ilin son rübündə "BYD" ilk dəfə olaraq "Tesla"nı ötüb. 2024-cü ilin müəyyən hissəsində geri qalsa da, ilin sonunda "BYD" "Tesla"dan təxminən 100 min ədəd çox avtomobil satıb.
Çinli elektromobil istehsalçıları ABŞ bazarına yüksək tariflər səbəbindən daxil ola bilməsələr də, "BYD" Çində – dünyanın ən böyük avtomobil bazarında - liderliyini qoruyur.
2024-cü ildə "BYD" Çinin yeni enerji avtomobili (hibridlər daxil) bazarında 32%-lik paya sahib olub. "Tesla" isə göndəriş rekorduna çatsa da, bazar payı yalnız 6,1% təşkil edib. Bu göstəricilər "Çin Sərnişin Avtomobilləri Assosiasiyası" tərəfindən təqdim olunub.
"Tesla" Avropa bazarında da çətinliklərlə qarşılaşıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, şirkətin satışları fevral ayında ardıcıl ikinci dəfə azalıb – 2023-cü ilin fevralı ilə müqayisədə 40%-lik eniş qeydə alınıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay