
Məşhur bankdan 2025-ci il üçün qızıl proqnozu: Qiymətlər yüksələcəkmi?
Beynəlxalq bazarlarda qızılın unsiya qiyməti ötən həftə 3 000 dolları keçərkən, Danimarkanın aparıcı banklarından biri olan "Saxo Bank" 2025-ci il üçün qızıl proqnozunu yeniləyib.
Qaynarinfo xəbər verir ki, qızılın bahalaşmasının əsas səbəbləri arasında artmaqda olan geosiyasi gərginliklər və ABŞ-ın idxal rüsumlarını yüksəltməsi göstərilir. Unsiyanın qiyməti həftəni 3 028 dollarla tamamlayaraq tarixi zirvələrə yaxınlaşıb.
"Saxo Bank" isə 2025-ci il üçün qızıl qiyməti proqnozunu 3 300 dollara qaldırdığını açıqlayıb.
Mərkəzi bankların qızıl ehtiyatı artır
"Australian Resources and Investment" xəbər portalının məlumatına görə, "Saxo Bank"ın əmtəə strateqi Ole Hansen qızılın bahalaşmasını bir neçə əsas amillə əlaqələndirir.
Hansen qeyd edir ki, dünyanın aparıcı mərkəzi bankları - xüsusilə inkişaf etməkdə olan ölkələrdəki qurumlar - son üç il ərzində ardıcıl olaraq hər il 1 000 tondan çox qızıl alıblar.
"Qızıl maliyyə böhranına qarşı müdafiə vasitəsidir"
Ole Hansenin fikrincə, qızıl tarixən dəyər qoruyucu vasitə kimi qəbul edilir və iqtisadi qeyri-müəyyənlik dövrlərində qiymətini saxlamağa meyllidir:
"Son 25 ildə, xüsusilə ABŞ-da hökumət borclarının səviyyəsi kəskin artıb. Bu, potensial iqtisadi böhran riskini gücləndirir. Belə bir ssenari baş verərsə, qızıl böhranın nəticələrinə qarşı güclü bir müdafiə vasitəsi olacaq".
ABŞ-da faiz dərəcələrinin azaldılması gözləntiləri də qızılın qiymətinə təsir edə bilər. Federal Ehtiyat Sistemi (Fed) hələlik faiz siyasətində fasilə versə də, ABŞ iqtisadiyyatının zəifləyən görünüşü gələcəkdə yeni faiz endirimləri ehtimalını artırır.
"Saxo Bank" analitiklərinin fikrincə, dövlət borclarının sürətlə artması və iqtisadi qeyri-müəyyənlik qızılın daha da bahalaşmasına səbəb ola bilər. 2025-ci il üçün yenilənmiş proqnoza əsasən, qızılın unsiyası 3 300 dollara qədər yüksələ bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay