
Neft, dollar və borclar: Yaxın Şərq qlobal ticarət müharibəsindən nə qədər təsirlənəcək?
ABŞ Prezidenti Donald Trampın başladığı qlobal ticarət müharibəsi hələ də səngimək bilmir. Qarşılıqlı tariflər iri iqtisadiyyatlara zərbə vurur, fond bazarlarını sarsıdır və iqtisadi artım perspektivlərini zəiflədir.
Valyuta.Az xəbər verir ki, bu vəziyyətdən ən çox təsirlənənlər Şimali Amerika, Avropa İttifaqı və Çindir. Lakin əlavə tariflərdən hələ ki yan keçən Yaxın Şərq üçün də narahatlıq doğuran məqamlar var – eyni zamanda müəyyən imkanlar da yarana bilər.
İqtisadçılar hesab edirlər ki, ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi rüsumlar Yaxın Şərqə minimal təsir göstərir. Məsələn, Körfəz regionu 2024-cü ildə ABŞ-nin alüminium idxalının təxminən 16%-ni təşkil edib ki, bunun əsas hissəsi Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən gəlib. "CNBC"yə danışan "Standard Chartered" bankının Yaxın Şərq və Şimali Afrika ("MENA") üzrə iqtisadçısı Karla Slimin sözlərinə görə, bu sahələr müəyyən dərəcədə təsirlənsə də, bu, kiçik miqyasda olacaq.
Lakin ticarət müharibəsinin qlobal iqtisadi artıma vurduğu zərbə neftin qiymətini aşağı sala bilər ki, bu da region iqtisadiyyatının əsas dayağına ciddi təsir göstərə bilər. Həmçinin, valyutası ABŞ dollarına bağlı olan Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman və Bəhreyn kimi ölkələr üçün əlavə xərclər yarana bilər.
Neft və dollar
Bu ilin əvvəlindən bəri ABŞ dollarının dəyəri azalmağa başlayıb. Bu isə dollarla əlaqəli ölkələr üçün idxalı bahalaşdırır – xüsusilə xarici mallardan asılı olan Yaxın Şərq ölkələri üçün ciddi çətinlik yaradır.
Bununla belə, ABŞ-nin tətbiq etdiyi ticarət tarifləri ümumilikdə dolların güclənməsinə səbəb olur. Əgər bu baş verərsə, neftin qiyməti yüksələcək, çünki neft dünya bazarında dollarla ticarət edilir. Bu, neft ixrac edən Yaxın Şərq ölkələri üçün ilkin mərhələdə müsbət təsir göstərə bilər.
Ancaq qlobal ticarət və yükdaşıma fəaliyyətlərinin zəifləməsi nəticəsində neftə olan tələbat azala bilər ki, bu da gələcəkdə problemlərə səbəb ola bilər.
"Yaxın Şərq və Şimali Afrika regionunun makroiqtisadi perspektivi qlobal tarif qeyri-müəyyənliyi səbəbindən neft qiymətləri vasitəsilə dolayı yolla zəifləyə bilər", – Slim bildirib.
Bununla belə, 2014-cü ildə baş verən neft qiymətləri böhranından sonra bir çox Yaxın Şərq ölkələri struktur islahatları və iqtisadiyyatın şaxələndirilməsi proqramlarını həyata keçirməyə başlayıb ki, bu da neft gəlirlərindən asılılığı azaltmaq məqsədi güdür.
"Bizim fikrimizcə, yerli tələbin dayanıqlığını gücləndirmək qlobal xarici təsirlərdən qorunmağın ən yaxşı üsulu olaraq qalır", – Slim vurğulayıb.
Buna baxmayaraq, Dubayda yerləşən "Emirates NBD" bankının baş iqtisadçısı vəzifəsini müvəqqəti icra edən Edvard Bellin sözlərinə görə, neft "hələ də əsas gəlir mənbəyi olaraq qalır".
"Çox açıq iqtisadiyyata malik və qlobal ticarətin əsas mərkəzlərindən biri olan BƏƏ üçün qlobal ticarətin azalması iqtisadi artıma xaricdən gələn maneə yarada bilər", – Bell bildirib.
Ən həssas ölkələr
Dolların güclənməsi həm də dollarla olan borcların qaytarılmasını çətinləşdirir. Xüsusilə xarici borcu yüksək olan Livan, İordaniya və Misir üçün bu, ciddi iqtisadi çətinliklər yarada bilər.
London mərkəzli "Capital Economics" şirkətinin inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısı Ceyms Svanstonun fikrincə, İordaniya regionda ticarət müharibəsindən ən çox təsirlənə biləcək ölkələrdən biridir, çünki onun ABŞ bazarlarından asılılığı yüksəkdir.
İordaniyanın ixracatının təxminən 25%-i – əsasən tekstil və zinət əşyaları – ABŞ-yə gedir. "İordaniya iqtisadiyyatı potensial tariflərə ən çox məruz qala biləcək iqtisadiyyatdır", – Svanston bildirib.
Bununla belə, ölkə Vaşinqtonla sıx diplomatik əlaqələrindən bəhrələnə bilər. Svanston qeyd edib ki, İordaniya ABŞ-nin xarici siyasətində strateji əhəmiyyət daşıdığı üçün "USAID-in yardımlarının dayandırılmasına baxmayaraq, ABŞ-dən maliyyə dəstəyi almağa davam edir". Bu isə İordaniyanın tarif təsirlərini yumşaltmaq üçün danışıqlar aparmasını asanlaşdıra bilər.
Yeni ticarət yolları?
Ticarət tariflərinin Yaxın Şərq üçün yaratdığı ən mühüm və müsbət dəyişikliklərdən biri coğrafi baxımdan daha səmərəli ticarət dəhlizlərinin formalaşmasıdır.
"Biz hesab edirik ki, bu tendensiya sürətlə inkişaf edən ticarət dəhlizlərinə, xüsusilə də Körfəz ölkələri ilə Asiya arasındakı ticarət əlaqələrinə təkan verəcək. Bu marşrut uzunmüddətli perspektivdə 15%-lik artım nümayiş etdirib və bundan ən çox faydalanan bölgələrdən biridir", – Slim bildirib.
O əlavə edib ki, Asiya şirkətləri Yaxın Şərqdə bizneslərini genişləndirdikcə, Körfəz ölkələri ilə Asiya arasında ticarət həcmi ilə yanaşı, maliyyə və investisiya axını da artacaq. Bu tendensiya xüsusilə Çinin "Bir kəmər, bir yol" təşəbbüsündən sonra güclənib.
Bəzi Yaxın Şərq ölkələri – xüsusilə də Körfəz dövlətləri – ticarət müharibəsinin mənfi təsirlərini minimuma endirmək üçün əlavə addımlar ata bilərlər.
Svanstonun fikrincə, Tramp Körfəz ölkələrini özünə dost hesab edir və onları ABŞ-nin təsir dairəsinə daha çox cəlb edərək Çindən uzaqlaşdırmaq istəyir.
"Biz gözləyirik ki, bu cür ticarət əlaqələrinin qurulması prosesi davam edəcək", – Bell bildirib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay