
"BP" bərpa olunan enerji sahəsinə investisiyaları azaldır - "Reuters"
"BP" bu gün elan etdiyi yeni strategiya çərçivəsində bərpa olunan enerjiyə planlaşdırılan investisiyanı kəskin şəkildə azaltdığını və illik neft və qaz xərclərini 10 mlrd. dollara qədər artıracağını bildirib.
Valyuta.Az xəbər verir ki, şirkət enerji keçidi sahəsinə illik investisiyasını əvvəlki proqnozla müqayisədə 5 mlrd. dollardan çox azaldaraq 1,5-2 mlrd. dollar aralığında müəyyən edib.
Bu addım karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyini cilovlamaq məqsədilə dəyişən sənaye tendensiyalarına cavab olaraq atılan sonuncu böyük şirkət qərarlarından biridir və "BP"nin diqqətini yenidən neft və qaz sektoruna yönəldir.
"BP", 2030-cu ilə qədər neft və qaz hasilatını gündəlik 2,3-2,5 milyon barrel neft ekvivalenti (boepd) səviyyəsinə çatdırmağı planlaşdırır. Şirkət 2024-cü ildə 2,36 milyon boepd hasil edib.
Strateji istiqamətin dəyişməsi
"Bu, radikal bir dəyişiklikdir", – "BP"nin baş icraçı direktoru Mürrey Aukinkloss, şirkətin kapital bazarları günü açıqlamalarından sonra "Reuters"ə müsahibəsində bildirib.
Onun sələfi Bernard Luni 2020-ci ildə "BP"nin neft və qaz hasilatını 40% azaltmağı və 2030-cu ilə qədər bərpa olunan enerji sahəsini sürətlə böyütməyi vəd etmişdi. Lakin bu hədəf 2023-cü ildə 25%-ə endirildi.
Aukinkloss bildirib ki, Ukrayna müharibəsi, pandemiya, dəyişkən enerji bazarları və bəzi ölkələrdə bərpa olunan enerji ilə bağlı dəyişən yanaşmalar səbəbindən enerji keçidi "BP"nin gözlədiyindən daha yavaş baş verib.
"Bunun nəticəsi olaraq, karbohidrogenlərə tələbat çox güclü olaraq qalır, hətta beş il əvvəl düşündüyümüzdən daha güclü. Keçid isə bizim gözlədiyimiz sürətlə irəliləməyib", – o əlavə edib.
"BP", səhmdar etimadını bərpa etməyə çalışır və rəqiblərinə nisbətən zəif göstəricilər nümayiş etdirdikdən sonra investorların təzyiqi ilə üzləşib. Xüsusilə, "Elliott Investment Management" kimi aktivist investorlar şirkətdə pay aldıqdan sonra "BP"nin strategiyasında dəyişikliklər edilməsi üçün təzyiq artıb.
"Biz üç əsas addım atdıq: kapital xərclərini azaltmaq, xərcləri minimuma endirmək və əhəmiyyətli dərəcədə aktiv satışı həyata keçirmək. Nəticədə, nağd pul axınını və gəlirliliyi artırırıq", – Aukinkloss deyib.
Səhmdarlara yönəlmiş dəyişikliklər
"BP", keçid dövründə investisiyalarını daha diqqətli aparacağını və innovativ, az kapital tələb edən platformalar vasitəsilə sərmayələr edəcəyini bildirib.
"Bu, "BP"nin yenidən formalaşmasıdır və uzunmüddətli səhmdar dəyərinin artırılmasına qətiyyətlə yönəlmişik", – Aukinkloss vurğulayıb.
Şirkət hər il səhmlərinə görə dividend ödənişlərini ən azı 4% artırmağı planlaşdırır. 2024-cü ilin I rübü üçün səhmlərin geri alınmasının 750 milyon - 1 mlrd. dollar arasında olacağı gözlənilir ki, bu da əvvəlki 1,75 mlrd. dollarlıq proqnozdan aşağıdır.
"BP", 2027-ci ilə qədər illik kapital xərclərini 13-15 mlrd. dollar arasında saxlamağı planlaşdırır ki, bu da 2024-cü ilin səviyyəsindən 1-3 mlrd. dollar azdır. 2025-ci ildə isə təxminən 15 mlrd. dollar xərclənəcəyi gözlənilir.
"Yenilənmiş göstəricilər ümumilikdə gözləntilərlə uyğun gəlir. Lakin kapital xərclərinin azalması bəzi investorların düşündüyü qədər əhəmiyyətli deyil və yaxın perspektivdə "BP"nin səhmdar gəlirləri rəqiblərindən daha aşağıdır", – "RBC Capital Markets" analitiki Birac Borkhatariya qeyd edib.
"Ola bilsin ki, bu dəyişikliklər "BP" üçün uzunmüddətli doğru qərarlar hesab olunsa da, investorları bu gün razı salmaya bilər", – o əlavə edib.
"BP", həmçinin "Castrol" yağlama məhsulları biznesini nəzərdən keçirdiyini və 2027-ci ilə qədər 20 mlrd. dollarlıq aktiv satışını hədəflədiyini açıqlayıb. Şirkət günəş enerjisi bölməsi "Lightsource BP" üçün 50% paya sahib olacaq tərəfdaş axtarır və satış prosesinin növbəti aylarda baş tutacağı gözlənilir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay