
"Nvidia" çərşənbə günü IV rüb maliyyə hesabatını açıqlayacaq - Proqnozlar
"Nvidia" çərşənbə günü, ticarət bağlandıqdan sonra böyük maraqla gözlənilən IV rüb üzrə maliyyə hesabatını açıqlayacaq.
Valyuta.Az "Yahoo Finance"a istinadən xəbər verir ki, analitiklər və investorlar şirkətin güclü "Blackwell" çip seriyası vasitəsilə nə qədər gəlir əldə etdiyinə və eyni zamanda tariflər və Çinə çip tədarükünə mümkün ixrac məhdudiyyətlərinin şirkətə təsirinin necə olacağına diqqət yetirəcəklər.
"Nvidia" süni intellekt çipləri bazarında liderliyini qoruyur və yaxın gələcəkdə bu mövqeyini itirəcək kimi görünmür. Onun çipləri Silikon Vadisi və ondan kənarda böyük rəqabət yaradıb, rəqibləri isə hələ də performans baxımından ona çatmaqdan uzaqdır. "Amazon", "Google", "Meta" və "Microsoft" kimi iri texnologiya şirkətləri süni intellekt məlumat mərkəzləri qurmaq üçün milyardlarla dollar xərcləyir və bu vəsaitin əhəmiyyətli bir hissəsi "Nvidia"ya yönəlir.
Lakin "Nvidia" müəyyən çağırışlarla da üzləşir. Şirkətin bəzi müştəriləri artıq onun rəqiblərinə çevrilir. Həmçinin, "DeepSeek" kimi daha effektiv süni intellekt modelləri zamanla müştəriləri daha ucuz çiplərə üstünlük verməyə sövq edə bilər.
"Wall Street" analitikləri "Bloomberg" konsensus proqnozlarına əsasən, bu rüb üzrə hər səhm üçün gəlirin (EPS) 0,84 dollar, ümumi gəlirin isə 38,2 milyard dollar olacağını gözləyir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə EPS-in 63%, gəlirin isə 73% artması deməkdir. Digər şirkətlər üçün bu artım kifayət qədər cəlbedici görünə bilər, lakin investorlar üçün gözləntiləri doğrultmaya bilər. Çünki "Nvidia" ötən ilin IV rübündə EPS-də 486%, gəlirdə isə 265% artım qeydə almışdı.
Şirkətin məlumat mərkəzi biznesinin 34 milyard dollar gəlir gətirəcəyi gözlənilir, oyun sektoru isə 3 milyard dollar gəlir təmin edəcək. Peşəkar vizuallaşdırma, avtomobil və OEM bölmələri isə qalan gəliri formalaşdıracaq.
İlin əvvəlindən "Nvidia" səhmləri demək olar ki, sabit qalıb. Ümumilikdə texnologiya sektorunda çətinliklər müşahidə olunur. "Alphabet" səhmləri 5%, "Amazon" 1%, "Microsoft" 3%, "Apple" isə 4% dəyər itirib. Yalnız "Meta" 14% artımla müsbət göstərici nümayiş etdirib.
Bu hesabat "Nvidia"nın "DeepSeek"in inkişafı fonunda ilk rüblük nəticəsi olacaq. Yanvarın sonunda "DeepSeek"in inkişaf etdirdiyi süni intellekt modelinin "Nvidia"nın yüksək səviyyəli çipləri olmadan da işləyə biləcəyi xəbəri şirkətin bazar dəyərindən 600 milyard dollar silinməsinə səbəb olmuşdu. Lakin "Nvidia"nın baş icraçı direktoru Censen Xuand bu iddialara qarşı çıxaraq, yüksək güclü çiplərin "DeepSeek" kimi modelləri daha effektiv işlədə biləcəyini bildirib.
"Nvidia" həmçinin Donald Trampın Tayvandan idxal edilən çiplərə tariflər tətbiq edəcəyi riski ilə üz-üzədir. Şirkətin çiplərinin böyük hissəsi "TSMC" tərəfindən Tayvanda istehsal olunur. Trampın Çinə ixrac edilən "Nvidia" çiplərinə əlavə məhdudiyyətlər qoyacağı ehtimalı da mövcuddur ki, bu da regiondan gələn gəliri azalda bilər.
"Nvidia" gəlirlərinin əsas hissəsini ABŞ bazarından əldə edir. Şirkət ötən rübdə ümumi 35 milyard dollarlıq satışının 14,8 milyard dollarını ABŞ-dən əldə edib. Çin isə 5,4 milyard dollar gəlirlə III ən böyük bazar olub, Sinqapur isə 7,6 milyard dollarla II yerdə qərarlaşıb.
Analitiklər həmçinin "Amazon", "Google", "Microsoft" və "Meta"nın öz süni intellekt çiplərini inkişaf etdirməsinin "Nvidia"nın bazar mövqeyinə necə təsir edəcəyini də diqqətlə izləyir. Əgər bu şirkətlərin çipləri "Nvidia" ilə rəqabət aparacaq səviyyəyə çatarsa, onların "Nvidia"nın məhsullarına olan asılılığı azalacaq.
Bulud xidmətləri təminatçıları, o cümlədən "Amazon", "Google" və "Microsoft", "Nvidia"nın məlumat mərkəzi gəlirinin 50%-ni təşkil edir. Bu bazarın itirilməsi şirkətin maliyyə göstəricilərinə ciddi təsir edə bilər.
Lakin "Morgan Stanley Research" analitiki Cozeph Mur alternativ çiplərlə bağlı gözləntilərə həddindən artıq reaksiya verməməyi tövsiyə edir.
“O illər ərzində 20-25 alternativ "Nvidia" çipinin uğur qazana bilmədiyini gördük. İlk mərhələdə qiymət və performans potensialına görə böyük maraq yaranır, ancaq nəticədə əksər hallarda müştərilər yenidən "Nvidia"ya qayıdır. Çünki onun ekosistemi daha yetkin və etibarlıdır”, – Mur bildirib.
Buna baxmayaraq, "Google" və "Amazon"un çipləri bu qaydanın istisnasıdır. Lakin Mur hesab edir ki, "Nvidia" süni intellekt bazarında hələ də mövqeyini gücləndirməkdə davam edir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay