
"StanChart"ın səhmləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb - 6 milyardlıq mənfəət
"Standard Chartered" bankının səhmləri dünən son on ilin ən yüksək səviyyəsinə çatıb. Bankın 1,5 milyard dollarlıq səhmlərin geri alım proqramı elan etməsi və illik gəlirinin rekord həddə yüksəlməsi investorların marağını artırıb.
Valyuta.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Asiya bazarına yönəlmiş bankın vergi öncəsi mənfəəti 2024-cü ildə 18% artaraq 6 milyard dollara çatıb. Bununla belə, IV rübdə mənfəət 30% azalaraq 800 milyon dollara düşüb.
Bankın əsas əməliyyat gəliri 13% artaraq 19,7 milyard dollara yüksəlib. Bu artım qısamüddətli hedcinq alətlərinin təsirinin azalması nəticəsində xalis faiz gəlirlərinin artması ilə bağlı olub. Banklar adətən dəyişkən faiz dərəcələrinin təsirindən qorunmaq üçün bu cür alətlərdən istifadə edirlər.
Gəlirlərin artmasına sərvət idarəçiliyi biznesində rekord göstəricilərlə nəticələnən investisiya məhsullarına yüksək tələbat da təsir edib. Həmçinin, bankın qlobal bazarlar və qlobal bankçılıq bölmələrində iki rəqəmli faiz artımı müşahidə olunub.
Bu nəticələr fonunda, "FTSE 100" indeksinə daxil olan şirkət səhmlərin 1,5 milyard dollarlıq geri alımını və hər səhm üçün 28 sentlik yekun dividendi elan edib.
Beləliklə, bankın ötən tam il üzrə hesabatından bəri investorlarına ümumi ödənişləri 4,9 milyard dollara çatıb. Bu da 2024-2026-cı illər arasında səhmdarlara azı 8 milyard dollar qaytarmaq hədəfinin yarısından çoxunu təşkil edir.
London birjasında listinqdə olan "StanChart"ın səhmləri günorta saatlarına doğru 2,1% artaraq 1,188 pensə çatıb ki, bu da iyun 2014-dən bəri ən yüksək göstəricidir. Son 12 ay ərzində bankın səhmləri demək olar ki, ikiqat bahalaşıb.
Baş direktor Bill Uinters: "Bizim strategiyamız – korporativ və institusional müştərilər üçün sərhədlərarası fərqli imkanları, sərvət idarəçiliyi sahəsində isə imkanlı müştərilər üçün qabaqcıl xidmətləri birləşdirmək – tam gücü ilə işləyir."
2024-cü ildə "StanChart"ın əsas əməliyyat xərcləri cəmi 6% artaraq 11,8 milyard dollara yüksəlib. Kredit riskləri üzrə ehtiyat ayırmaları isə 5% artaraq 557 milyon dollar olub.
Bank qarşıdakı iki il ərzində gəlirlərinin sabit məzənnə əsasında orta hesabla 5-7% artacağını gözləyir və bu hədəfin üst sərhədinə yaxın olduğunu qeyd edir.
Bill Uintersin əsas maaşı 40% azaldılaraq 1,5 milyon dollara endiriləcək. Lakin bankın müəyyən hədəflərə çatacağı təqdirdə ona daha böyük bonuslar verilə bilər.
2024-cü ildə 10,6 milyon funt sterlinqdən çox qazanan və bankirin bu il 13,1 milyon funt sterlinqə qədər qazanacağı proqnozlaşdırılır.
"StanChart"ın nəticələri ümumilikdə Böyük Britaniya bank sektoru üçün sağlam hesabat dövrünü tamamlayır. "Barclays", "NatWest" və "HSBC" kimi banklar da artan mənfəət açıqlayıblar.
Lakin "Lloyds Banking Group"un mənfəəti 20%-dən çox azalaraq 6 milyard funt sterlinqin altına düşüb. Buna səbəb avtomobil maliyyələşdirmə qalmaqalı ilə bağlı mümkün kompensasiya ödənişləri üçün 700 milyon funt sterlinq ehtiyat ayrılması olub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay