
"Renault" 2024-cü il mənfəəti rekord səviyyəyə çatıb
Fransanın avtomobil istehsalçısı "Renault" bu gün 2024-cü il üçün rekord əməliyyat mənfəəti əldə etdiyini açıqlayıb.
Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, şirkət ötən il "Renault" 4,3 milyard avro (4,49 milyard dollar) əməliyyat mənfəəti əldə etdiyini bildirib. Bu göstərici ötən illə müqayisədə 3,5% artım deməkdir və şirkətin öz proqnozlarına əsasən gözlənilən 4,2 milyard avroluq mənfəəti geridə qoyub.
Şirkətin gəliri 7,4% artaraq 56,2 milyard avroya çatıb. Bu göstərici də proqnozlaşdırılan 54,5 milyard avrodan yüksək olub. Artımın əsas səbəblərindən biri populyar kompakt elektrik modeli R5 və yeni hibrid modellərin satışa çıxarılmasıdır.
"Renault" 2024-cü il üçün 7,6% əməliyyat mənfəəti marjası əldə edib və ilin əvvəlində hədəflədiyi minimum 7,5%-lik hədəfə çatıb.
Bununla belə, şirkət 2025-ci il üçün mənfəət marjası gözləntilərini azaldaraq ən azı 7% səviyyəsində müəyyən edib. Bunun əsas səbəbi kimi Avropada karbon emissiyaları ilə bağlı sərtləşdirilmiş tələblərin mənfəət marjasını 1 faiz bəndi, yəni təxminən 500 milyon avro həcmində aşağı salacağı göstərilib.
Maliyyə direktoru Tyerri Piyeton jurnalistlərə açıqlamasında bu qaydaların yumşaldılmasına ümid etdiklərini, lakin maliyyə proqnozlarında bunun baş verəcəyini nəzərə almadıqlarını bildirib.
O, əlavə edib ki, "Renault" daha çox elektrik avtomobili satmaq üçün endirimlər tətbiq edəcək, eyni zamanda benzinlə işləyən avtomobillərin qiymətini artırmaqla yeni emissiya tələblərinə uyğunlaşmağa çalışacaq. Şirkət digər avtomobil istehsalçıları ilə emissiya limitlərini bölüşmək imkanını isə istisna edib.
"Renault" keçən il mənfəət xəbərdarlığı etməyən azsaylı böyük avtomobil istehsalçılarından biri olub. Qlobal avtomobil bazarında tələbatın azalması və əməliyyat çətinlikləri "Volkswagen" və "Stellantis" kimi iri rəqibləri çətin vəziyyətə saldığı halda, "Renault" hədəflərinə sadiq qalıb.
"Renault" isə 2020-ci ildən bəri həyata keçirdiyi istehsalat strukturunun və strategiyasının yenilənməsi sayəsində hədəflərinə sadiq qalıb. Baş direktor Luka de Meonun rəhbərliyi altında şirkət investisiya xərclərini bölüşmək üçün digər şirkətlərlə əməkdaşlıq edib və avtomobil modellərini yeniləyib. 2024-cü ildə 10 yeni model təqdim edən "Renault", bu il daha 7 yeni modelin satışa çıxarılmasını planlaşdırır.
Bununla yanaşı, şirkətin xalis mənfəəti qrup üzrə 752 milyon avroya düşüb. Ötən il bu göstərici 2,2 milyard avro təşkil edirdi. Azalma, Yaponiyanın "Nissan" şirkətindəki səhmlərin satışı, bu investisiyadan qismən zərər və daha aşağı gəlir gətirməsi ilə izah edilib.
"Renault" səhmdarlarına 2,2 avro dividend ödəyəcəyini açıqlayıb. Bu rəqəm 2023-cü il üçün ödənilən 1,85 avrodan yüksəkdir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay